İspaniya Katolik Kilsəsi öz müəssisələrində uşaq cinsi istismarı hallarına görə üzr istəyib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
İspaniyadakı Katolik Kilsəsinin ali qurumu olan İspan Yepiskoplar Konfransının (CEE) prezidenti və Barselona kardinalı Xuan Xose Omella Madriddə keçirilən plenar iclasların açılışında çıxış edib.
Kilsə nümayəndəsi keçmişdə uşaqlara qarşı cinsi istismarın mövcud olduğunu söyləyib:
“Qurbanlardan səmimi və təvazökarlıqla üzr istəyirik. Bu böyük günah üçün bağışlanma dilədik və bağışlanma diləməyə davam edəcəyik. Amma bağışlanma diləmək kifayət deyil, biz bu bəlanın cəmiyyətimizdən silinməsini istəyirik. Bu səbəblə, hakimlər, prokurorluq və ombudsmanla əməkdaşlığı davam etdiririk, əlimizdə olan bütün məlumatları veririk və protokollarımızı hərəkətə gətiririk”
Mart ayının sonunda Ombudsman təsisatına təqdim edilən və ictimaiyyətlə paylaşılan hesabatda CEE, 1945-ci ildən bəri İspan Katolik Kilsəsi daxilindəki müəssisələrdə uşaqlara qarşı cinsi zorakılığa dair 706 ittihamdan xəbərdar olduğunu açıqlayıb.
Bildirilib ki, hesabatda yer alan 706 hadisədən 186-sı son dövrə aiddir.