Şimali Koreya Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) Yaponiya dənizi (Şərq) istiqamətində atdığı yeni tip bərk yanacaqlı “Hwasong-18” qitələrarası ballistik raketi (ICBM) ilə bağlı açıq iclasına etiraz edib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Hakim Əmək Partiyasının Mərkəzi Hərbi Komissiyasının sədr müavini Ri Pyonq-çol rejimin qabaqcıl strateji silah sınaqlarının “özünümüdafiəni gücləndirmək üçün bir tədbir” olduğunu bildirib.
Ri Pyong-chol BMT Təhlükəsizlik Şurasının “Hwasong-18” qitələrarası ballistik raketi ilə bağlı açıq iclasına etiraz edərək, təkmil silah proqramının ölkəni ABŞ-ın artan hərbi təhdidlərindən və gözlənilən regional təhlükəsizlik narahatlıqlarından qorumaqla yanaşı, çəkindirməyə yönəldiyini bildirib.
BMT Təhlükəsizlik Şurasının iclasında Pxenyanın özünümüdafiə hüququnu “təxribat” və “təhdid” kimi qələmə verdiyinə görə ABŞ-ı qınayan Ri Pyonq-çol bunu “açıq daxili müdaxilə aktı” kimi qiymətləndirib.
Qeyd edək ki, Şimali Koreya aprelin 13-də Yaponiya dənizi (Şərq dənizi) istiqamətində atdığı qitələrarası ballistik raketin (ICBM) yeni bərk yanacaq növü olan “Hwasong-18” qitələrarası ballistik raket olduğunu açıqlayıb.
Bəllidir ki, bərk yanacaqla işləyən qitələrarası ballistik raket Şimali Koreya lideri Kim Çen Inın orduya gətirmək istədiyi strateji raket sistemidir.
Pxenyan 2022-ci ilin əvvəlindən 100-ə yaxın raket sınağı keçirib.