“Neftçalada Qadınların Sosial İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Kəndli qadınların sahibkarlıq təşəbbüsünə dəstək” layihəsi çərçivəsində icra olunan İdeyadan biznesə – Biznes planın hazırlanması təlimi başa çatıb.
İnterpress.az xəbər verir ki, layihənin benefisiarları peşə bilikləri əldə etmiş kənd yerində yaşayan gənc qızlar və qadınlar olub.
Təlim iştirakçıları 5 gün ərzində ideyalarını, bilik və bacarıqlarını sahibkarlığa çevirmək üçün müvafiq biliklər əldə edib. Biznes planların daha detallı hazırlanması üçün əlavə vaxta ehtiyacı olan iştirakçılarla onlayn görüş təşkil edilib.
Təlimi başa vuran benefisiarlar artıq sərmayə, istehsal və tədarük planı, pul vəsaitlərinin hərəkəti cədvəli, maya dəyərinin hesablanması, gəlirlərin bölüşdürülməsi, vergilərin hesablanması, xalis gəlir, eləcə də təşkilati hüquqi forma haqqında nəzəri biliklərə yiyələnib. Təlimi yekunlaşdıran iştirakçılar müxtəlif qurumların özünəməşğulluq proqramlarına müraciət edib.