Rusiya atəşkəs istəyir, bəs Qərb?..- Şərhbackend

Rusiya atəşkəs istəyir, bəs Qərb?..- Şərh

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Müharibə Araşdırmaları İnstitunun məlumatına görə, Rusiya hərbi komandanlığı müharibəni müvəqqəti dondurmaqda maraqlıdır. Bildirilib ki, bunun 2 səbəbi var. Əvvəla, Rusiya itirilmiş qüvvəsini bərpa etmək istəyir. İkincisi isə, ola bilsin, Prezident Vladimir Putin qarşıdan gələn prezident seçkiləri ərəfəsində (Rusiyada dövlət başçısı seçkiləri 2024-cü ildə keçiriləcək-red) öz siyasi mövqeyini gücləndirmək üçün belə bir addım atsın.

“Vaqner” muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojin də müvəqqəti atəşkəs istəyir. O, Putinin Ukraynadakı maksimalist məqsədlərini tənqid edir. Priqojinin fikrincə, Rusiya Donbası ələ keçirmək üçün illərlə şiddətli döyüşlər aparmalıdır. Çox güman, bu fikirlər də atəşkəsin zəruriliyini göstərmək üçündür”, – Müharibə Araşdırmaları İnstitutundan bildirilib.

Qeyd olunub ki, əgər atəşkəs təmin olunarsa, Rusiya döyüş qabiliyyətini bərpa etdikdən sonra yenidən hücum əməliyyatlarına başlayacaq: “Bunun üçün isə hazırda işğal altında olan ərazilərdən tramplin kimi istifadə olunacaq”.
Son vaxtlar rəsmi Moskva danışıqlarla bağlı açıqlamalarını intensivləşdirib. Rusiya danışıqlara hazır olduğunu bildirir. Bir şərtlə ki, danışıqlar zamanı Kremlin də maraqları nəzərə alınmalıdır.

Əlbəttə, Kremlin danışıqlarla bağlı fikirləri konkret nəticəyə gəlmək üçün kifayət deyil. Çünki bu açıqlamalar daha çox spekulyasiya xarakteri daşıyır. Məsələ orasındadır ki, Rusiya danışıqlara hazır olduğunu deməklə ilk növbədə öz humanist mövqeyini nümayiş etdirməyə çalışır. Və müharibənin davam etməsinin günahkarı kimi Qərblə Ukraynanı göstərir.

İkinci bir tərəfdən isə Kreml öz maraqlarının da nəzərə alınmasını gündəmə gətirməklə hələ də gücünü qoruduğunu, Ukraynanın şərtlərinə razı olmayacağını göstərmək istəyir. Əlbəttə, bu, təkcə xarici yox, həm də daxili ictimaiyyətə hesablanmış addımlardır.

Danışıqlar Ukrayna tərəfinin isə hələ ki, gündəliyində deyil. Rəsmi Kiyevin sülh üçün şərti konkretdir: Rusiya qoşunlarının Ukraynanın bütün ərazisindən çıxması. Əlbəttə, Moskva buna gedə bilməz. Əgər Rusiya Ukraynanın şərtləri ilə razılaşar və qoşunlarını geri çəkərsə, bu, daxildə ciddi kataklizmlərlə nəticələnə bilər. Bu mənada demək olar, daha nə Moksva, nə də Kiyev üçün geriyə yol var.

Kənan Novruzov
İnterpress.az