Sudanda qarşıdurma zamanı ölən və yaralananların sayı açıqlanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Aprelin 15-də səhər saatlarında Sudanın paytaxtı Xartum və digər şəhərlərdə ordu ilə yarımhərbiləşdirilmiş çevik polis dəstələri arasında silahlı toqquşmalar baş verib.
Ordu ilə polis arasında yaranan fikir ayrılığı son bir neçə ayda qızğın qarşıdurmaya çevrilib.
Sudan Xarici İşlər Nazirliyi, Suverenlik Şurasının sədri və ordu komandanı general Əbdülfəttah əl-Burhanın ordu ilə qarşıdurmada olan HDK-nın ləğvi və dövlətə qarşı üsyançı qüvvə elan edilməsinə qərar verdiyini və bu istiqamətdə hərəkətə keçəcəklərini açıqlayıb.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, münaqişələrdə 413 nəfər həyatını itirib, 3551 nəfər yaralanıb.
Polis bayramın ilk günündən başlayaraq 72 saatlıq “humanitar” atəşkəs tətbiq edəcəklərini, ordunun isə axşam saatlarında beynəlxalq dairələrin atəşkəs çağırışına əməl edəcəyini açıqlayıb.