Braziliyada keçmiş prezident Jair Bolsonaro 8 yanvarda Konqresə, Ali Məhkəməyə və Prezident Sarayına basqını “təhrik etmək” ittihamı ilə federal polisə ifadə verib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Bolsonaro vəkillərinin müşayiəti ilə şəxsi avtomobili ilə federal polis idarəsinə gedib.
Bolsonaro polisə verdiyi ifadə ilə bağlı indiyə qədər heç bir açıqlama verməyib.
Braziliya Ali Məhkəməsinin hakimi Alexandre de Moraes açıqlamasında hadisələrin tam aydınlaşdırılması üçün Bolsonaronun açıqlamasının zəruri olduğunu bildirib.
Moraes aprelin 15-də verdiyi açıqlamada Bolsonaroya 8 Yanvar hadisələri ilə bağlı ifadə verməsi üçün 10 gün vaxt vermişdi.
Qeyd edək ki, Braziliyada konqres basqını “təhrik etdiyi” üçün istintaq edilən Bolsonaro 30 dekabr 2022-ci ildə getdiyi ABŞ-dan martın 30-da ölkəsinə qayıdıb.