Rusiya elitası daxilində gərginlik artacaq: Hərbi elitadakı səlahiyyətli şəxslər istefaya göndərilə bilərbackend

Rusiya elitası daxilində gərginlik artacaq: Hərbi elitadakı səlahiyyətli şəxslər istefaya göndərilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib ki, Rusiya ordusunda silah-sursat çatışmazlığı var. Qeyd olunub ki, bu, daxildə xaosa səbəb ola və Rusiya Müdafiə Nazirliyi “Vaqner” muzdlu hərbi təşkilatı arasında gərginliyi daha da artıra bilər.

Həmçinin vurğulanıb ki, Rusiyanın siyasi liderləri döyüş meydanında uğur tələb etməkdə israrlı olsalar da, ölkənin logistika mütəxəssisləri faktiki olaraq ortada qalıb.

Britaniya kəşfiyyatının məlumatı əslində gözlənilən idi. Əlbəttə, Rusiya ordusunun silah-sursatı tədricən azalacaq. Ukraynadan fərqli olaraq Rusiyaya silah təminatını təmin edən cəmi iki dövlət var: Çin və İran. Onlar da Qərbin təzyiqlərindən ehtiyat edirlər.

Bundan başqa, Qərb ölkələri, o cümlədən ABŞ Ukraynaya silah təminatını davam etdirir. Doğrudur, Ukraynaya silah tədarükünün lazımi səviyyədə olması şübhəli və müzakirəli məsələdir. Amma istənilən halda rəsmi Moskva ilə Kiyevin hərbi resursları arasında ciddi fərq var. Rusiya dünyanın ikinci ən güclü ordusuna sahib olsa da, imkanları getdikcə tükənir.

Rusiya Müdafiə Nazirliyi ilə “Vaqner” muzdlu hərbi təşkilatı arasında ziddiyyətin olması çoxdan məlum idi. Görünür, Rusiya bir çox istiqamətdə, o cümlədən Donetskdə “dalana dirəndikcə” bu ziddiyyət daha da dərinləşir, tərəflər bir-birilərini ittiham edirlər. Əlbəttə, silah çatışmazlığı bu gərginliyi daha da artıracaq.

Ümumiyyətlə, Rusiya uğursuzluğa düçar olduqca Rusiyanın həm siyasi, həm də hərbi elitasında xaos yaranacaq, narazılıq güclənəcək.

Sözügedən gərginlik artıq nəinki hərbi elita daxilində, həm də siyasi və hərbi elita arasında müşahidə olunur. Yəqin ki, bu ziddiyət gələcəkdə daha da artacaq. Uğursuzluğa düçar olan hərbçilər artıq başa düşürlər ki, onlar Prezident Vladimir Putinin ambisiyaları naminə döyüşürlər. Bu isə hərbçilərdə siyasi hakimiyyətə qarşı narazılığı artırır.

Hərbçilərin yaxın gələcəkdə ayağa qalxacağını, mövcud siyasi iradə əleyhinə etirazlar edəcəyini düşünmürəm. Amma proses ona doğru gedir. Həmin vaxtadaək isə hərbi sistemdəki bəzi səlahiyyətli şəxslər istefaya göndərilə bilər.

Kənan Novruzov
İnterpress.az