Avropa İttifaqı (Aİ) Avropa Sülh Fondu adlı maliyyə aləti çərçivəsində Moldova və Gürcüstanın müdafiə sektorunu dəstəkləmək üçün ümumilikdə 70 milyon avro dəyərində yardım tədbirləri qəbul edib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Moldova və Gürcüstan ordusunun imkanlarının modernləşdirilməsini dəstəkləmək və Aİ-nin hərbi missiya və əməliyyatlarında iştirak imkanlarını artırmaq üçün hər iki ölkə üçüncü dəfə maliyyələşdiriləcək.
Bu çərçivədə Ukrayna ilə namizəd ölkə statusu almış Moldovaya 40 milyon avro, Gürcüstana isə 30 milyon avro yardım veriləcək.
Mart ayında Aİ Ukrayna, Moldova və Gürcüstan kimi Rusiyanın təhlükəsi altında olan ölkələrə hərbi yardım üçün istifadə edilən Avropa Sülh Fondunun vəsaitini təxminən 8 milyard avroya çatdırmaq qərarına gəlib.