Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşadan Azərbaycan xalqına müraciətində deyib ki, İkinci Qarabağ müharibəsindəki Zəfər Azərbaycan durduqca qalacaq. O bildirib ki, İkinci Qarabağ müharibəsindəki Qələbə isə bizim tarixi uğurumuzdur, tarixi Zəfərimizdir. Bu Zəfər Azərbaycan durduqca qalacaq, bizim qəlbimizdə, yaddaşımızda, kitablarda, əsərlərdə.
Sözsüz ki, bu fikirlər beynəlxalq ictimaiyyət üçün ciddi mesajdır.
Məlum olduğu kimi, Azərbaycan 30 ildən sonra, İkinci Qarabağ müharibəsi nəticəsində öz torpaqlarını işğaldan azad etdi, ərazi bütövlüyünü təmin etdi. Beləliklə, Cənubi Qafqazda yeni reallıq yarandı. Formalaşan yeni “oyun qaydaları” təkcə region ölkələrini deyil, həm də regionda maraqlı olan dövlətləri maraqlandırır.
Çoxları Azərbaycanın qələbəsini hələ də həzm edə bilmir. Çünki rəsmi Bakının yaratdığı yeni reallıqlar onları narahat edir.
Vətən müharibəsinə qədər bir çox güclər Qarabağ “düyünündən” istifadə edərək regionda çirkin niyyətlərini həyata keçirməyə, burada mövcudluqlarını gücləndirməyə çalışırdılar. İndi isə, belə şərait yoxdur. Bir sıra dövlət və təşkilatların, o cümlədən İranın narahatlığı da bununla bağlıdır.
Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində təmaslar intensivləşib. Buna baxmayaraq, rəsmi İrəvan təxribatlarını davam etdirir. Şübhəsiz ki, bu provokasiyaların arxasında həm də gərginlikdə maraqlı olan tərəflər var. Tarixi təcrübə bir neçə dəfə sübut edib ki, Moskva və Tehran zaman-zaman İrəvandan “maşa” kimi istifadə etməyə çalışırlar. Əlbəttə, Qərbi, o cümlədən Fransanı da unutmamalıyıq.
Bəzi güclərin təhriki nəticəsində İrəvan “şirniklənir”. Ermənistan Silahlı Qüvvələrinin silahlanması, həmçinin baş nazir Nikol Paşinyanın və onun komandasının səsləndirdiyi sabotaj xarakterli bəyanatlar göstərir ki, üçüncü güclər qismən məqsədlərinə çata bilirlər. Amma həm Ermənistan, həm də ona “zəhər verənlər” başa düşməlidirlər ki, bunlar boş xəyallardır. Ermənistan hərbi-siyasi hakimiyyəti soyuqqanlı və məntiqli davranmalı, üçüncü güclərin diktəsi ilə oturub-durmamalıdır. Ermənistan revanş niyyəti ilə yeni müharibəyə başlamaq istəyirsə, iki dəfə düşünməlidir: çünki olan onun özünə olacaq, bu “maşa” dövlət regional əməkdaşlıq imkanlarından məhrum olacaq. Unutmaq olmaz ki, Azərbaycan tarixi torpaqlarındakı suverenliyini əbədi təmin edib.
Kənan Novruzov
İnterpress.az