NATO Baş katibi Yens Stoltenberq yaxın zamanlarda Türkiyəyə səfər edəcək. Bu barədə o özü Alyansın xarici işlər nazirlərinin Norveçdə keçirilən qeyri-rəsmi toplantısında deyib.
Baş katib Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsveçin NATO-ya üzvlüyünü məsələsini müzakirə edəcək.
Səfərin dəqiq tarixi açıqlanmayıb.
İsveç və Finlandiya 2022-ci il mayın 18-də NATO-ya üzv olmaq üçün ərizə ilə müraciət etmişdi. Türkiyə bu ölkələrin Alyansa üzvlüyü üçün terrorçuları dəstəkləməmələri ilə bağlı şərt irəli sürmüşdü. Finlandiya Ankaranın bu tələblərini yerinə yetirib.
Finlandiya bu ilin aprelində NATO-ya üzv olub. Lakin İsveç Türkiyənin şərtlərinə əməl etmədiyinə görə Ankara Stokholmun quruma qoşulmasının əleyhinə səs verib. Nəticədə İsveç hələlik NATO-ya qəbul edilməyib.
Stokholm Alyansa üzvlük üçün uzun müddətdir mübarizə aparır. Amma hələ ki, buna nail ola bilməyib. Çünki Türkiyə İsveçin NATO-ya üzvlüyünü təsdiqləmir. Bunun əsas səbəblərindən biri kimi, İsveçin terrorçuları dəstəkləməsi göstərilir. Rəsmi Ankaranın şərti konkretdir: İsveç Alyansa üzv olmaq istəyirsə, terrorçuları dəstəkləməməlidir.
Fikrimcə, Türkiyənin İsveçin üzvlüyünü ratifikasiya etməməsinin yeganə səbəbi terrorçularla bağlı deyil. Məlum olduğu kimi, Rusiya NATO-nun genişlənməsindən narahatdır. Ankara başa düşür ki, Stokholmun üzvlüyünü ratifikasiya etməsi Moskva ilə münasibətlərə mənfi təsir edə bilər. Ona görə də Türkiyə bu məsələyə həssaslıqla və ehtiyatla yanaşır.
Ərdoğan dəfələrlə bildirib ki, Rusiya Türkiyə üçün heç də NATO dövlətlərindən az əhəmiyyətli müttəfiq deyil. Bu mənada Ankaranın Moskva ilə münasibətlərini NATO-nun genişlənməsinə qurban verəcəyi ağlabatan görünmür. Həm də dediyimi kimi, İsveç adekvat davranmır.
Çox güman, Stoltenberqin Türkiyəyə səfəri çərçivəsində İsveçin Alyansa üzvlüyü məsələsi ciddi müzakirə olunacaq. Ankara qərar vermək üçün tələsməyəcək. Çünki bu qərar həm də NATO ilə Rusiya arasında seçim etmək deməkdi.
Kənan Novruzov
İnterpress.az