NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen iyulun 11-12-də Vilnüs Sammitində bildirib ki, Alyansın Ukraynaya təhlükəsizlik zəmanəti vermədiyi təqdirdə bəzi Şərqi Avropa ölkələri qoşun göndərməyə hazırdır.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Ukrayna prezidenti Vladimir Zelenskinin müşaviri Rasmussen Vilnüs Sammiti öncəsi Avropa və ABŞ turu çərçivəsində verdiyi açıqlamada deyib: “Əgər NATO Ukrayna üçün aydın bir yolda razılığa gələ bilməsə, bəzi ölkələrin fərdi şəkildə hərəkət etmə ehtimalı açıqdır. Polşa Ukraynaya konkret yardım göstərə bilər. Biz bilirik ki, siz buna çox həvəslisiniz. Düşünürəm ki, Ukrayna Vilnüsdə heç nə əldə etməsə, polyaklar daxil olub könüllülərdən ibarət koalisiya yaratmağı ciddi şəkildə düşünəcəklər. Mən Baltikyanı ölkələrin də nümunə götürə biləcəyini istisna etmərəm”.
Rasmussen qeyd edib ki, Vilnüsdə NATO-ya üzv olmaq üçün dəvət alınmasa belə, bu gələn il edilə bilər: “Bundan az olması Ukrayna üçün məyusluq olardı”.
Keçmiş baş katib müharibə bitənə qədər Ukraynaya NATO-ya üzvlük yolunun təklif oluna bilməyəcəyi fikrini rədd edərək, bunun Putinə “veto hüququ” verilməsinə bərabər olacağını deyib.
NATO-nun baş katibi Yens Stoltenberq dəfələrlə bəyan edib ki, Ukrayna müharibə davam edərkən NATO-ya üzv ola bilməz.
Bolqarıstan, Çexiya, Estoniya, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya və Slovakiya iyunun 6-da NATO-nun baş katibi Yens Stoltenberqin iştirakı ilə təşkil edilən Buxarest Doqquzunun (B9) iclasında Ukraynaya güclü dəstək mesajı verib.