2012-ci ilə Ukraynanın Donetsk şəhərində DAK qurultayında nümayəndə kimi iştirak etdim və DAK İdarə Heyətinə üzv seçildim. Məqsədim DAK-ın bu qovğalardan qurtulmasına dəstək vermək və hadisələrin bir başa içərisində olaraq birlik yollarının aranmasına yardımçı olmaq idi. 2014-cü ildə Almaniyanın Frankfurt şəhərində və 2015-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilən növbəti qurultaylarda birlik istiqamətində ciddi addımlar atıldığı və DAK ətrafında spekulyasiyaların səngidiyi bir vaxtda DAK adlı bir qurultayın 26 fevral tarixində Brüsseldə keçirildiyinin şahidi olduq. Xeyli təəccübləndim. Bir neçə əski DAK üzvü olmuş şəxsin bu istiqamətdə iş apardığını duysam da bunu ciddiyə almamışdım. Hesab etmişdim ki, kifayət qədər emosional, qarayaxmalarla məşğul olanlar buna nail ola bilməzlər. Yanılmışdım.
Məhz 26 fevralda, hamının bir arada olmasının mütləq tələb olunduğu bir ərəfədə bəzi dostlarımız yeni parçalanmaya rəvac verdilər.
Qurultay haqqında yayılan məlumatlarda köhnə sədrin, idarə heyətinin hesabatına rast gəlmədim. Ötən dövr ərzində rəhbərlik hesabat verdikdən sonra yeni idarə heyəti və sədr seçilməli idi. Belə anlaşıldı ki, sanki yeni təşkilat təsis olunur və bu baxımdan hesabatın olmaması məntiqidir. Belə olsaydı səmimi qəlbdən təbrik edər və sevincimi ifadə edərdim. Çox təəssüf edirəm ki, bu prosesdə şəxsiyyətinə ehtiramlı eloğlularım da iştirak edib. Ən azı onlar bilirlər ki, DAK var və mən də onun İdarə Heyətinin üzvüyəm.
Güman edirəm ki, zaman xeyli gizlinlərə aydınlıq gətirəcək. İnanıram ki, emosiya, kin-kudirətlə, qisas hissi ilə alışıb yanan bəzi iflas olunmuşarın məkrli niyyətlərinin üzə çıxması üçün uzun zaman tələb olunmayacaq. Dostları bir daha birlik masasına dəvət etməyi də mənəvi borcum bilirəm.
İnterpress.az