Türkiyədə “Türk Dünyası Günləri” keçirilib – FOTObackend

Türkiyədə “Türk Dünyası Günləri” keçirilib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Kastamonu şəhərində 23-cü Türk Dünyası Günləri keçirilib.

“İnterpress.az” xəbər verir ki, 3 gün davam edən tədbirdə müxtəlif türkdilli ölkələrdən incəsənət,elm və mədəniyyət xadimləri iştirak edib.

Kastamonu şəhər bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən ənənəvi Türk Dünyası Günləri bu dəfə 23 ölkədən gələn türk dünyasını araşdırma mərkəzlərinin mütəxəssisləri,elm adamları, incəsənət xadimləri, rəqs ansamblları və bir-birindən maraqlı nümayişləri ilə seçilən şou qrupları ilə öz işinə başlayıb. Festivalın ilk günündə qardaş Türkiyənin tarixi əhəmiyyətli və 2018-ci ildə Türk dünyasının mədəniyyət paytaxtı seçilmiş Kastamonunun şəhər mərkəzində “Mehtəran” qrupu və Səlcuqlu türk dövləti dövrünə aid atlı dəstələrinin müşayiəti ilə yürüş keçirilib.Festivalda bütün türkdilli dövlətlərin milli adət-ənənələri,incəsənət və mədəniyyət nümunələrinin əks olunduğu çadırlar qurulub.

Həmçinin, bu ilki Türk Dünyası Günləri festivalı çərçivəsində Qırğızıstanın xalq yazıçısı Çingiz Aytmatovun vəfatının 15-ci ili münasibətilə “Ümumi türk coğrafiyası”, “Türkdilli ölkələrin mədəni əlaqələri” başlıqları altında panel müzakirələri də baş tutub. Bütün türk dünyasının maraqla izlədiyi festivalın iştirakçıları olan xarici qonaqlar, tarixi Osmanlı imperiyasının əsas mədəni mərkəzlərindən və strateji əhəmiyyətə malik Kastamonu vilayətinin təbiəti ilə tanış olub. 23-cü Türk Dünyası Günlərinə Azərbaycan da başda olmaqla, digər türkdilli ölkələri təmsil edən aşıq-ozan sənətinin nümayəndələrinin iştirakı ilə müxtəlif şifahi və yazılı xalq ədəbiyyatı əsərlərinin, habelə müasir musiqi nümunələrinin səsləndirildiyi möhtəşəm konsert proqramı ilə yekun vurulub.

Konsert proqramı çərçivəsində çıxış edən Kastamonu Bələdiyyəsinin sədri Rahmi Galip Vidillioğlu, bundan sonra da türkdilli xalqların daha sıx həmrəyliyi, əməkdaşlığı və inteqrasiyasının gücləndirilməsi üçün ənənəvi “Türk Dünyası Günləri”nin keçiriləcəyini vurğulayıb.