AzMİU-da Tələbə Təhsil Krediti ilə bağlı mexanizm mərkəzləşdirilibbackend

AzMİU-da Tələbə Təhsil Krediti ilə bağlı mexanizm mərkəzləşdirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) üzrə 2021-ci ildən bu gün qədər 2 tədris ilində cəmi bakalavr və magistratura səviyyələri daxil olmaqla 653 tələbə Tələbə Təhsil Kreditinə (TTK) müraciət edib. Onlardan 486 nəfəri təsdiq cavabı alıb. 242 nəfər öz məlumatlarını düzgün daxil etmədiyinə görə qeydiyyatdan keçməyib. 33 nəfərə imtina verilib, 9 nəfərin sənədi geri qaytarılıb. Qeydiyyatdan keçən 484 tələbədən 228 sosial, 258 standart kreditlə oxuyub. Fakültələr üzrə analiz aparsaq, Memarlıq fakültəsindən 49, İnşaat fakültəsindən 62, Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültsindən 74, Nəqliyyat fakültəsindən 48, Tikinti-iqtisad fakültəsindən 202, Mexanika və informasiya texnologiyaları fakültəsindən isə 51 tələbə kredit almaq hüququ qazanıb”.

Bunu AzMİU-nun Tədris şöbəsinin müdiri Səlmi Əliyeva deyib.

S.Əliyeva əlavə edib ki, AzMİU-da TTK ilə bağlı mexanizm mərkəzləşdirilib.

“Tələbələr e-ttkf.edu.az portalına daxil olur, daxil etdiyi təhsil məlumatları fakültə tyutorları tərəfindən universitetin Tədris şöbəsinə yönləndirilir, bizim tərəfimizdən dəqiqləşdirilərək təsdiq olunur. Sistem tələbənin və valideynlərinin şəxsiyyət vəsiqələrinin FİN kodları əsasında müvafiq bazalarda axtarış edərək, sosial statuslarının olmasını yoxlayır. Emal nəticələri şərtlərə uyğun gəldikdə, tələbənin razılığı alınaraq müvəkkil banka məlumat ötürülür. Tələbə ilə müvəkkil bank arasında onlayn kredit rəsmiləşməsi baş tutur və təhsilhaqqı təhsil müəssisəsinə köçürülür”.

Qeyd edək ki, Tələbə Təhsil Kreditinin hüquqi əsası “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 iyun tarixli 1367 nömrəli Fərmanı, “”Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 24 iyul tarixi 226 nömrəli Qərarı əsasında müəyyən edilib.