Paytaxtın Nəsimi rayonu, Sabit Rəhman küçəsində yerləşən xüsusi mülkiyyətli torpaq sahəsində yerləşən yaşayış evinə “Elegant Residence” MTK tərəfindən qəsd hərəkətləri baş verib. Bu barədə
“İnterpress.az”a zərərçəkən paytaxt sakin Fərhad Məmmədov məlumat verib.
Vətəndaş bildirib ki, Bakı şəhəri Nəsimi rayonu Məhkəməsinin İş 16(006)227/2023 saylı Qərardadına əsasən adıçəkilən yerdə torpaq sahəsinə bitişik ərazidə söküntü-qazıntı işlərinin aparılması birmənalı şəkildə qadağan edilib :
“Məhkəmənin hökmünə rəğmən “Elegant Residence” MTK qanunsuz şəkildə davam etdirdiyi qazıntı fəaliyyətləri nəticəsində şəxsi mülkümüzə ziyan vurub. Evin divarlarının xarici səthi dağılıb və evin bir çox yerlərində çatlar əmələ gəlib.
Əvvəlcədən qabaqlayıcı tədbir görmək üçün Fövqəlada Hallar Nazirliyinə müraciət etmişik. Ayrıca 29 iyul 2023 cü il tarixində Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xəttinə müraciət etsək də, heç bir tədbir görülməyib”
Zərərçəkmiş paytaxt sakini vurğulayıb ki, MTK-nın xüsusilə gecə saatlarında qazıntı işlərinin intesivləşdirməsi, onların törətdikləri qeyri-qanuni əməllərdən xəbərdar olmasının əsas göstəricisidir:
“Dünən axşam saatlarında da (red- 29 iyul) adıçəkilən MTK məhkəmə qərarına məhəl qoymayaraq qazıntı işlərini davam etdirirdi”.