Claude Code vasitəsilə məlumatların oğurlanması təhlükəsi yaranıb.
İnterpress.az xəbər verir ki, bu barədə kibertəhlükəsizliklə bağlı məlumat yayan mənbələr xəbərdarlıq edib.
VS Code üçün nəzərdə tutulan Claude Code genişləndirməsinin 2.1.313 versiyasında təhlükəli arxa qapı (backdoor) aşkarlanıb. Yoluxmuş versiyanın Open VSX kataloqunda yerləşdirildiyi bildirilir.
Məlumata görə, bu genişləndirməni quraşdıran istifadəçilərin şəxsi məlumatları, giriş məlumatları və digər məxfi informasiyaları təhlükə altında ola bilər.
Mütəxəssislər yoluxmuş versiyanı quraşdıranlara kompüteri dərhal internetdən ayırmağı, genişləndirməni silməyi və 134.209.82.225 IP ünvanını bloklamağı tövsiyə edirlər.
Həmçinin SSH bağlantılarının, tunellərin və SysMon adlı tapşırığın yoxlanılması, zərərli komponentlərin silinməsi, parolların, tokenlərin və API açarlarının təmiz cihazdan dəyişdirilməsi məsləhət görülür.
Zərurət yaranarsa, əməliyyat sisteminin yenidən qurulması tövsiyə olunur.

Xuraman Etibarlı
İnterpress.az






