ABŞ-ın Nyu-York ştatında orta məktəb şagirdlərini daşıyan avtobusun xəndəyə yuvarlanması nəticəsində baş verən qəzada 2 nəfər ölüb, 5 nəfər yaralanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
ABŞ-ın Nyu-York ştatının Lonq-Aylend əyalətindəki Farminqdeyl liseyi şagirdlərini Pensilvaniyadakı düşərgəyə aparmaq üçün yola çıxan avtobus yoldan çıxaraq Wawayanda şəhəri yaxınlığındakı xəndəyə çırpılıb.
Qəzadan sonra magistral yol nəqliyyata bağlanarkən, 43 və 77 yaşlı 2 nəfərin həyatını itirdiyi, 5 nəfərin isə yaralanaraq xəstəxanaya aparıldığı açıqlanıb.
Nyu-York qubernatoru Keti Hoçul mətbuat konfransında bildirib ki, ilkin məlumata görə, qəza avtobusun ön təkərlərində yaranan problem nəticəsində baş vermiş ola bilər və araşdırmalar davam edir.
4 böyük və 40 şagird olmaqla cəmi 44 nəfərin olduğu avtobusun Farmingdale Liseyi marş orkestrasından təxminən 300 şagirdi Pensilvaniyadakı düşərgəyə aparmaq üçün icarəyə götürülmüş 6 avtobusdan biri olduğu öyrənilib.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.