Paşinyan devriləcək? – Proqnozbackend

Paşinyan devriləcək? – Proqnoz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda hakimiyyət əleyhinə etiraz aksiyaları davam edir. Bunun əsas səbəbi sentyabrın 19-da Azərbaycanın keçirdiyi antiterror tədbirləri və bunun nəticəsində qondarma rejimin şərtlərimizi qəbul edərək təslim olmasıdır.

Aksiyaçılar Paşinyanı “satqın” adlandırır, hökumətin istefasını tələb edirlər.

Mitinqlər, yəqin ki, bir neçə gün davam edəcək. Amma çox çəkəcəyini düşünmürəm. Nəzərə almaq lazımdır ki, ölkədə əvvəllər də hakimiyyət əleyhinə etirazlar olub. Hər dəfə baş nazirin istefası tələb olunub. Lakin etirazçılar Paşinyanı devirməyə bacarmayıblar.

Əvvəlki vaxtlardan fərqli olaraq indi Rusiyanın Ermənistan hakimiyyətinə münasibəti ciddi formada dəyişib. Kreml Paşinyanın əlindən təngə gəlib. Rəsmi Moskva, çox güman, Paşinyanın devrilməsində, hakimiyyətə Rusiyayönümlü siyasətçinin gəlməsində maraqlıdır. Bu, indiki gərgin məqamda Rusiya üçün çox əhəmiyyətlidir. Odur ki, Moskvanın Ermənistan daxilindəki güclərdən öz maraqları naminə istifadə etməsi gözləniləndir.

Buna baxmayaraq, Paşinyanın hakimiyyətdə qalmasında maraqlı olan qüvvələr də var. Xüsusilə ABŞ üçün Paşinyan lazımlı fiqurdur. Ona görə də Qərb bütün imkanları ilə mümkün hakimiyyət çevrilişinin qarşısını almağa çalışacaq. Belə demək mümkünsə, Paşinyanın “day-dayı” var.

Əslində Ermənistan daxilindəki radikallarla hakimiyyət arasındakı mübarizə həm də qlobal güclərin rəqabətidir. Rusiya və Qərb hazırda Ermənistanda rəqabət şəraitindədir. Hazırda davam edən və zaman- zaman təkrarlanan aksiyalar da bu rəqabətin təzahürüdür.

Bütün hallarda Paşinyanın hələ ki, hakimiyyətdə qalacağını düşünürəm.

Kənan Novruzov
İnterpress.az