Liviya Milli Birlik Hökuməti (UBH) sentyabrın 10-da ölkənin şərqində baş verən seldə həyatını itirənlərin şəxsiyyətini müəyyənləşdirmə işlərinə başlandığını açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Seldən ən çox zərər görən Dərnədə cəsədləri dağıntılar altından və dənizdən çıxarmaq üçün işlər davam edir.
Seldə həyatını itirənlərin şəxsiyyətinin müəyyən edilməsi işlərinə də başlanılıb.
Bu çərçivədə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Fəlakət Qurbanlarının Təsdiqləmə Qrupu (DVI) Dərnəyə gələrək vəziyyəti səlahiyyətlilərlə birlikdə qiymətləndirib.
UBH-yə bağlı “Hökumətimiz” Facebook səhifəsində edilən açıqlamada DVI-nın İnterpolun göndərdiyi ilk komanda olduğu bildirilib.
UBH ilə əlaqəli olan Daxili İşlər Nazirliyi, İnterpol Baş Katibliyinin digər ölkələrdən şəxsiyyətin müəyyən edilməsi üçün Liviyaya bir qrup göndərəcəyini açıqlayıb.
Açıqlamada qeyd edilib ki, bu araşdırmalar Daxili İşlər Nazirliyinə bağlı Ərəb və Beynəlxalq Cinayət Polisi İdarəsi ilə koordinasiya əsasında aparılacaq.
DVI genetika, stomatologiya, məhkəmə tibb və digər texniki sahələr üzrə ekspertlərdən ibarətdir. Liviyada daşqının ilk günlərində bir çox cəsəd şəxsiyyəti müəyyənləşdirilmədən basdırılıb.
Liviyanın şərqindəki hökumətə bağlı Daxili İşlər Nazirliyi dəfn edilən insanların fotoşəkillərini çəkərək ailələrinin sonradan şəxsiyyətlərini müəyyən edə bilmələri üçün xüsusi internet platformasında paylaşıb. Sonrakı günlərdə uyğunlaşma üçün DNT nümunələri götürüldükdən sonra cəsədlər basdırılıb.