“Torpağın üzü soyuqdu” – biz belə eşitmiş, bilmiş, görmüşük…
– Bu söz doğmalarımızın itkisinə münasibətdə deyilir – deyilir ki, dəfndən sonra acımız bir qədər dinir, kədərə dözüm yaranır… Amma sevincin, fərəhin, qürurun üzü soyuq olmaz ki?!. Yoxsa, böyük itkilər kimi böyük sevinclərindəmi üzü soyuqmuş biz bilməmişik?.. Uzun illər böyük sevinclər yaşaya bilmədik ki… Üç onilliyin ağır günləri, işğal tarixləri, soyqırım aktları, şəhər-kəndlərimizin viran qalmasının kədəri ömrümüzə çöküb və biz o çöküntünü son illərin, ayların, günlərin böyük sevinci qarşısında belə, ömrümüzdən dışarı ata bilməmişik sanki… Sanki böyük sevincləri böyük yaşamırıq. Artıq fəlakətli dönəmlərin bir daha geri dönməyəciyinə qəti inamla, sevinc, fərəh içində böyük gələcəyə addımlamalıyıq!
Bəli, ya sevincin böyüklüyündəndir ya hadisələrin sürətindən… – ölkəmizdə baş verən fövqəladə tarixi hadisələr sanki gərəkli ictimai aksiyalarla cavab bulmur… Fikir verin: Xocalıya (!), Xankəndinə (!) bayraq sancılıb, qondarma rejim konkret gorbagor olub, terroçubaşları başı əyili damlanıb, daha nələr-nələr olub… biz isə elə bil 19 sentyabrdan öncəki günlərdəymişik kimi sakitik, dincik, nə bilim, kükrəmirik, coşmuruq, küçələrə-meydanlara axışmırıq… arabamız, evimizin pəncərəsi bayraqlarla yetərincə süslənmir və s. Məhz bu günlərdə küsülülərimiz barışdımı, imkanlılar imkansızların borcunu bağladımı? Yəni adda-budda dəstək, məhəbbət, nəzakət göstərilərini demirəm, kütləvi coşğunluğun, xəlqi göstərilərin yetərsizliyini deyirəm. Bəlkə belə deyil də, mənə belə gəlir?..
Əlbəttə, bu vurğuladıqlarımız giley deyil, inciklik deyil, əsla! Sadəcə, düşündüklərimin, gerçəklik kimi qiymətləndirdiklərimin hikmətini çözməyə çalışıram. Olsun ki, bu mövzu Sosial Tədqiqatlar Mərkəzi (STM) ilə işbirliyi zəminində yaxud bilavasitə STM tərəfindən tədqiqata cəlb edilə, öyrənilə, aydınlığa qovuşa bilər. Məncə burada illa bir fenomen vardır. Şəxsi qənaətim odur ki, Prezident İlham Əliyev, onun Ali Baş Komandanı olduğu şanlı Ordu bizi qələbələrə, zəfərə elə öyrəncəli edib, artıq keçilməz sədd, aşılmaz dağ, alınmaz qala tanımır, qəbullanmırıq. Dövlət baba, şəhidlərin ruhu, qazilərin fədakarlığı bizə təlqin edib ki, bizim qarşımızda həll edə bilməyəcəyimiz vəzifə yoxdur. Necə deyərlər, təhtəlşüurla qəbullanmışıq bu gözəllikləri, çiçəklənmələri… Ümidlərimiz nə zamandır inama çevrilib və inam sanki qələbə arxayınçılığı, zəfər alışqanlığı yaradıb bizlərdə. Bir tərəfdən də, 30 illik keçmiş (keçməmiş!) kədərlə 3 ilin sevinci dəngədədir elə bil… Bəli, Tanrımıza çox şükürlər olsun, qalibik, irəlidəyik, başımız dik, alnımız açıqdır və özümüzü uğur zonasında görürük!
Ancaq biz gərək uğur zonasında yox, bütöv uğur dünyasında sabitləşək, qərar tutaq. Zona hər nə qədər böyük olmuş olsa da, bir məhdudluğu, ayrımçılığı vardır hər halda. Bizim uğur böyük uğurdur, aşıb-daşan uğurdur, qucaqlayıcı uğurdur, ümmandır! – O ümmandan bütün tərəqqipərvər insanlara pay düşür, əslində.
Belə bir söz var, deyərlər, dövlətə təntənələr, xalqa bayramlar lazımdır. Bu arada, Millət vəkili Fazil Mustafa parlamentdə matəm günlərinin təqvimdən çıxarılması məzmununda çıxış edib, başqa bir Millət vəkili 15 oktyabrın bayram günü kimi təqvimə salınmasını təklif edib; elə bilirəm, Millət vəkillərinin bu çağırışları qəribçiliyə salınmamalıdır. Üstəlik, bizlər qələbə öyrəncəliyi, zəfər alışqanlıqlarımızı uhulət-suhulətlə daha güclü platformaya, qalıcı müstəviyə daşımalıyıq. O “platforma” dediyimiz – əlimiz çatmalı, ünümüz yetməli hər ünvan, o müstəvi – dualar ismarladığımız Göyüzünün qapsadığı bütün Yer üzü boyda olmalıdır. Qazi Mustafa Kamal Paşa Atatürkün sözləri ilə desək, “Yurdda sülh, cahanda sülh”! Əcdadımız da dünyaya sanki Göyüzündən və Göylərin Yer üzündəki ədalət təminatçısı kimi baxırdı. Əcdadımız “doğmalar”, “özgələr” ayrımçılığı ilə deyil, “sınırımıza (himayəmizə) girmişlər” və “hələ sınırımıza (himayəmizə) girməmişlər” yanaşması ilə baxırdı dünyaya. Baxışların ən gözəli də bu deyilmi?..
Uzun sözün qısası, fövqəladə tarixi günlər yaşayırıq və yaşantılarımız könlümüzdən, içimizdən çölümüzə daşma haqqına sahibdir. Bu sahiblik bir-birimizə dəyər verərək, ölkəmizi, dövlətimizi sahiblənərək, dövlət başçımızı – uğur Prezidentini, Zəfərin Baş Komandanını candan-könüldən dəstəkləyərək təcalla edər, dalğa-dalğa yayılar…
Xocalıda, Xankəndidə, Ağdərədə, Əsgəranda, Kərkicahanda… bizim olan yerlərdə (göylərdə!) bayrağımız dalğalanır! Müqəddəs bayrağımız dalğalanmalı olduğu yer (göy) qalmayacaq – o, haqq etdiyi hər yerdə (göydə) olacaq, dalağalanacaqdır! Başqa yolu yox artıq!
Bu gün Füzuli Şəhəri Günüdür! Qutlu olsun! Müzəffər Ali Baş Komandanın Füzulidən verdiyi ismarıclar daha gözəl günlərin müjdəsidir. Azərbaycan intibahının qarşısını kimsə ala bilməyəcək!
Tanrı bizə yar olub!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər QOŞALI
İNTERPRESS.AZ