Ağ Ev ABŞ prezidenti Co Baydenin əməliyyatlarla bağlı məsləhət vermək üçün İsrailə bir neçə yüksək rütbəli hərbçi göndərəcəyi ilə bağlı iddiaları təsdiqləyib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi mətbuat konfransında bir jurnalistə “General-leytenant Ceyms Qlinn və bəzilərinin israillilərə məsləhət vermək üçün göndərildiyini təsdiqləyə bilərsinizmi?” sualına cavab verib. “İsrailin həyata keçirdiyi və gələcəkdə təşkil edə biləcəyi əməliyyatlar üçün uyğun təcrübəyə malik olduğunu düşündüyümüz hərbi səlahiyyətlilərin təcrübələrini bölüşmək üçün orada olacaqlarını söyləyə bilərik”, o deyib.
ABŞ-dan yayımlanan “Axios” xəbər saytı Baydenin İsrail ordusuna məsləhət vermək üçün digər yüksək vəzifəli şəxslərlə birlikdə İraqda İŞİD-ə qarşı xüsusi əməliyyatlarda iştirakı ilə tanınan general-leytenant Ceyms Qlinni seçdiyini iddia edib.