Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri Belçikanın paytaxtı Brüsseldə bir araya gələrək, Qəzzaya yardımların çatdırılması üçün müxtəlif mövzular, xüsusilə İsrail-Fələstin münaqişəsindəki son vəziyyət və münaqişədə “humanitar fasilə”ni müzakirə edəcəklər.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
İki gün davam etməsi planlaşdırılan Aİ Liderlər Zirvəsi sabah Brüsseldəki Aİ Şurasının binasında başlayacaq.
İlk günün mühüm mövzuları arasında Yaxın Şərqdəki vəziyyət, Ukrayna, Kosovo, Qarabağ, Sahel və miqrasiya var.
Aİ rəsmilərinin verdiyi məlumata görə, liderlərin İsrail-Fələstin münaqişəsində İsrailə dəstəyini təsdiqləmələri, HƏMAS-ın hücumlarını bir daha pisləmələri və İsrailin bombardmanları altında olan Qəzzaya humanitar yardımın çatdırılmasını müzakirə etmələri gözlənilir.
Atəşkəs çağırışı yoxdur, lakin humanitar fasilə və ya fasilələr verilə bilər.
Bildirilir ki, münaqişələrdə atəşkəs elan etməyən Aİ humanitar yardımın çatdırılmasını təmin etmək üçün münaqişələrdə “humanitar fasilə və ya fasilələr” çağırışını nəzərdən keçirəcək.
Bu məsələ ilə bağlı sammitin yekun bəyannaməsinə daxil ediləcək bəyanatlarla bağlı danışıqlar davam etdirilir.
Mətndəki ifadələrlə bağlı bəzi ölkələrin qeyd-şərtləri olduğu bildirilib. Liderlərin sabahkı görüşündə danışıqların yekunlaşacağı gözlənilir.