Berlində BILD-in sabiq baş redaktorunun avtomobili yandırılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Almaniya mediası məlumat yayıb.
Almaniyanın paytaxtı Berlində BILD qəzetinin sabiq baş redaktoru, hazırda isə NIUS portalının rəhbəri olan Yulian Rayxeltin avtomobili yandırılıb.
Hadisə gecə saatlarında baş verib. Yoldan keçən şəxsin məlumatı əsasında əraziyə gələn yanğınsöndürənlər alovu söndürsələr də, “BMW” markalı avtomobil demək olar ki, tamamilə külə dönüb.
Polis faktla bağlı qəsdən yandırma maddəsi üzrə təhqiqata başlayıb, şübhəlilərin kimliyi hələlik müəyyən edilməyib.
Rayxelt baş verən hadisəni solçu ekstremizmin əleyhinə fəaliyyət göstərən müstəqil mediaya qarşı açıq hədə-qorxu və təzyiq kimi qiymətləndirib.
Avtomobildə uşaq oturacağının olduğunu xatırladan baş redaktor cinayətkarların nəqliyyat vasitəsinin məhz ona məxsus olduğunu əvvəlcədən bildiklərini diqqətə çatdırıb.
Xuraman Etibarlı
İnterpress.az






