“İdeal Gələcək” Gənclər İctimai Birliyi Azərbaycan Respublikası Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə vətəndaş cəmiyyətində qızların iştirakının artırılması, cəmiyyətin müxtəlif sahələrində uğur əldə edən xanımların bilik və təcrübələrinin təbliğinə hesablanmış “Qızlar Seminariyası” proqramının 8 təlim proqramına yekun vurdu.
İnterpress.az xəbər verir ki, İctimai Birliyin mətbuat xidmətindən verilən məlumata görə, “İdeal Gələcək” Gənclər İctimai Birliyinin sədri Sara Qarayeva bildirib ki, maarifçilik tarixində, dünyəvi təhsilin inkişafında, Azərbaycan qadınının təhsil almasında Zeynalabdin Tağıyevin Qızlar gimnaziyasının böyük rolu olub:
“Bu məktəbi bitirən onlarla azərbaycanlı qız sonradan millətimizin tərəqqisində yaxından iştirak edərək Cümhuriyyət fəallarından olublar. Məhz Birliyin bu layihəni həyata keçirməkdə əsas məqsədi bu tarixi ənənələrə sahib duraraq Azərbaycan qadınının elmə-təhsilə vaqif olmasını nümunə kimi göstərməkdir”.
Qeyd edək ki, üç ay davam edəcək layihədə dövlət və özəl sektorda çalışmaq istəyən xanımların idarəetmə bacarıqlarına yiyələnməsi yönümündə”Təhsilli qadın”, “Repruduktiv sağlamlıq” “Psixoloji portret” və s. mövzularda ümumilikdə 8 təlim proqramı həyata keçirilib.