İspaniyanın cənub-şərqindəki Mursiya şəhərinin Alquazas rayonunda küçədə iki itin hücumuna məruz qalan 96 yaşlı qadının xəstəxanada dünyasını dəyişdiyi bildirilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
İspaniyanın rəsmi xəbər agentliyi EFE-də yer alan xəbərdə, oktyabrın 24-də küçədə gəzən 96 yaşlı qadının sahiblərinə məxsus, lakin bağı olmadan gəzən iki itin hücumuna məruz qaldığı bildirilib. O, ağır yaralanıb və xəstəxanaya yerləşdirildikdən 5 gün sonra dünyasını dəyişib.
Səlahiyyətlilər itlərin təhlükəli cinslərdən olduğunu və qanunla tələb olunan mikroçiplərə və peyvənd sertifikatlarına malik olmadığını bildirib. İtlərin sahiblərinin 24 və 25 yaşlı kişi və qadın olduğu və onların “Heyvanların rifahı haqqında” qanuna uyğun olaraq kobud ehtiyatsızlıqdan adam öldürmə ittihamı ilə mühakimə olunacağı və 500 min avroya qədər cərimə ediləcəyi qeyd edilib.
Bildirilib ki, qanunvericiliyə uyğun olaraq aqressiv itlər 21 gün müddətində baytarlıq nəzarəti altında karantinə alınıb.
İspaniyada itlərin hücumu tez-tez baş verməsə də, oktyabrın 23-də Zamoranın La Hiniesta qəsəbəsində çoban itlərinin hücumu nəticəsində 27 yaşlı gənc ölüb.