Azərbaycan-Türk Qadınlar Birliyinin və Azərbaycan-Türkiyə Evinin (ATEV) sədri Tənzilə Rüstəmxanlı 8 Noyabr Zəfər Günü münasibətilə xalqımızı və dünya azərbaycanlıları təbrik edib.
İnterpress.az xəbər verir ki, təbrikdə deyilir:
Zəfər Bayramın Mübarək Azərbaycan!
XX əsrin ilk illərində böyük türk şairi “Bayraqları bayraq yapan üstündəki qandır, Torpaq uğrunda ölən varsa, Vətəndir!” deyəndə Böyük Turanın qızıl körpüsü olan Azərbaycan tarixinin işğal və parçalanma dövrünü yaşayırdı. Bundan yüz il öncə XIX əsrin əvvəlində Azərbaycanı iki hissəyə parçalanmış, Vətənin quzeyi rus imperiyasının işğalına salınmışdı. 1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya bildi, “Üçrəngli bayraq parlaman binasından Azərbaycan türklərinin yanıq könüllərinə hopdu”.
Son 200 il Azərbayan üçün ağır tarixdir: Cümhuriyyətin qurulması və müstəqilliyin bərpa edilməsindən savayı bu tarixin qazandığımız səhifəsi yoxdur, hərçənd, Cümhuriyyət qurulanda İrəvan şəhəri ermənilərin nəzarətinə keçdi, müstəqilliyimizi bərpa edəndə Qarabağ işğal olundu. Sanki tarixin bizə qəsdi var idi və zaman irəlilədikcə itkilərimiz də artırdı. Bunun üzərinə xalqın üzləşdiyi soyqırımılar, deportasiyalar, qaçqınlıq həyatını da gəldikdə faciənin obrazını aydın görmək olur. Hər şey 2020-ci ilin 27 sentyabr günündə dəyişdi və 8 noyabrda, Şuşanın azad edilməsi ilə Zəfərə yüksəldi. 44 gün davam edən müharibə təkcə torpaqlarımızın azad edildiyi savaş deyildi, həm də 200 illik tariximizin dönüş nöqtəsi idi. Bu savaşa və Zəfərə gedən yol uzun illər inşa edilib və yolun inşası üçün qoyulan hər daşın qələbəmizi yetişdirən strateji əhəmiyyəti var. Və tarix şahidlik edir ki, Zəfərə aparan yolun memarı Prezident İlham Əliyevdir.
2020-ci il sentyabrın 27-dən noyabrın 9-dək olan 44 günün hər birində igid döyüşçülərimiz qarış-qarış işğaldan azad etdikləri yurdlarımızda bayrağımızı qürurla dalğalandırdılar. Cəsur oğullarımız Müzəffər Ali Baş Komandana torpaqlarımızın azadlığını üçrəngli bayrağımızın möhtəşəm fonunda fəxarətlə məruzə edirdilər. Vətən müharibəsinin o 44 günündə Baş sərkərdəmizin ön cəbhədəki qələbə müjdələrini Azərbaycan xalqına çatdırması arxa cəbhədə bir başqa coşqu, ovqat, təntənə yaradırdı…
Bir andaca Azərbaycan başdan-başa bayraqlarımızla bəzəndi. Əlləri üçrəngli bayraqlı, ürəyi vətən sevdalı insanlar küçələrdə selə döndü, ölkəmizdə sevinc, şadlıq coşqusu yaşandı. Yurdumuzun dörd bir yanında Şəhidlər xiyabanlarına axışan insanlarımız bayraqlarla bəzənmiş məzarların başında qələbə gözyaşları tökdülər. O anlarda ürəklərimiz tarixi yurdlarımızda qələbə əhvalı ilə dalğalanmağa başlayan bayraqlarımıza qoşularaq azad quş kimi sevinclə çırpınmağa, Qarabağın, Şuşanın səmalarında süzməyə başladı,Zəfər nəğmələri oxudu, “Qarabağ Azərbaycandır” haqq nidasını hayqırdı dünyaya… Azərbaycan adı böyük idman türnirlərində, beynəlxalq tədbillərdə üçrəngli bayrağımızla birgə çox ucalmışdı.
Amma bu gün Şuşada, Xocalıda, Xankəndində dalğalanan bayraq bütövlükdə milli qürurumuzun və şanlı qələbəmizin ən böyük simvoludur. 200 illik məğlubiyyət və faciə tarixinə son qoyuldu! Əcdadlarımızın ruhu dinclik tapdı, şəhidlərimizin qisası alındı, şər, şeytan yuvası əbədi dağıdıldı. Zənnimizcə, xoşbəxtliyin bundan başqa rəngi yoxdur. Otuz ildən artıq dünyanı öz uydurma və yalanlarına inandırmağa çalışan erməni separatçılarının “mərkəzi qərargahı”, “iş otağı” rolunu oynamış “hökumət binası”nda indi Azərbaycan bayrağı dalğalanır.
Azərbaycana qarşı çıxarılan hökm və qərarların, azərbaycanlılara verilən işgəncə planların ünvanı: – Xankəndidə Azərbaycan bayrağı qürurla dalğalanır. Əlbəttə, bu üçrəngli, ay-ulduzlu bayraq təkcə Ermənistana yox, həm də Qarabağı münaqişə ocağına, müharibə meydanına, nüfuz savaşına çevirən havadarlarına verilən cavabın təntənəsidir! Millət, Dövlət və Ordu olaraq savaşaraq haqqımızı, şərəfimizi ucaltdıq.
Bayrağımızı qanımız, Vətənimizi canımızla ucaltdıq. Könüllərimizin sevgisi, Vətənimizin azadlıq rəmzi müqəddəs bayrağım, əbədiyyətə qədər var ol, daim məğrur-məğrur dalğalan. Dalğalan ki, uğrunda canını qurban verərək qanları ilə al rəngini boyayan şəhidlərimizin də ruhu şad olsun! Zəfər və Bayraq günün mübarək, Azərbaycan!!!