Kubanda kişi benzin mişarı ilə polisə hücum edib.
İnterpress.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Rusiyanın Krasnodar diyarında (Kuban) çağırış üzrə hadisə yerinə gələn polis əməkdaşına qarşı benzinlə işləyən motorlu mişarla hücum edilib.
Polis əməkdaşı təhlükəni sovuşdurmaq üçün tabel silahından istifadə edərək təcavüzkarı ayağından yaralayıb və zərərsizləşdirib.
Yaralanan şəxsə dərhal ilkin tibbi yardım göstərilib.
Məlumata görə, Timaşevsk şəhər polisinə zəng edən yerli sakin naməlum bir nəfərin onu hədələdiyini bildirərək kömək istəyib.
Lakin ünvana çatan asayiş keşikçiləri əsl təhlükənin kənardan deyil, məhz şikayətçi şəxsin özündən gəldiyini görüblər.
Ev sahibi əlindəki işə salınmış mişarla qəfil polis əməkdaşının üzərinə hücum çəkib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Xuraman Etibarlı
İnterpress.az






