Helikopteri vuran əsgərlə görüş keçirildibackend

Helikopteri vuran əsgərlə görüş keçirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, tədbirdə universitetin professor-müəllim və tələbə heyəti ilə yanaşı Müdafiə Nazirliyinin general, zabit və əsgərləri də iştirak ediblər.

Universitetin rektoru professor Ədalət Muradov dəvəti məmnuniyyətlə qəbul edərək \”Vətənin çağırışına hazırıq!\” devizi altında keçirilən tədbirdə iştirak edən qonaqları salamlayaraq bu kimi vətənpərvərlik tədbirlərinin həmişəkindən daha çox vacibliyini vurğulayıb.

Professor qeyd edib ki, dövlət müstəqilliyimizin, milli təhlükəsizliyimizin, xalqın əmin–amanlıq içərisində yaşamasının təminatçısı olan ordumuz son illərdə daha da möhkəmlənmiş, qüdrətlənmiş, mütəşəkkil hərbi qüvvəyə çevrilmişdir. Azərbaycan ordusu regionun ən güclü ordusudur və istənilən təcavüzün qarşısını almağa, hücum tapşırığını yerinə yetirməyə qadirdir. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətində ordu quruculuğu prioritet məsələlərdən biridir. Silahlı Qüvvələrə, onun şəxsi heyətinə ölkə rəhbərliyi tərəfindən hərtərəfli diqqət və qayğı göstərilir. Ordunun maddi-texniki bazası hər gün möhkəmlənir, müasir döyüş texnikaları, silah-sursatlar alınır. Keçirilən irimiqyaslı təlimlər göstərir ki, Azərbaycan ordusu quruda, dənizdə və havada istənilən iqlim şəraitində qarşısına qoyulmuş hər hansı bir vəzifəni yerinə yetirməyə hər an hazırdır.

Sonra rektor tədbirdə iştirak edən generallara, cəbhə bölgəsindən, ön səngərdən gəlmiş zabit və əsgərlərə üzünü tutaraq deyib: \”Bütün xalqımız kimi Azərbaycan İqtisad Universitetinin professor-müəllim və tələbə heyəti də ordumuzu sevir, ona arxalanır, ona güvənir. Ordumuzun gücü isə mənsub olduğu ən yeni texnikaların: təyyarələrin, gəmilərin, tankların, artilleriya qurğularının, hava hücumundan müdafiə komplekslərinin və s. çoxluğu, müasirliyi, səmərəliliyi ilə yanaşı həm də şəxsi heyətin peşəkarlığında, vətənpərvərliyində, mənəvi-psixoloji, siyasi, fiziki hazırlığının yüksəkliyindədir. Ordumuzun gücü həm də xalq ilə onun monolit birliyində, hər bir döyüşçünün ruh yüksəkliyindədir. \”Hər şey ordu üçün, hər şey qələbə üçün!\” ifadəsi bu gün hər birimizin şüarı olmalıdır\”.

Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani cəbhə bölgələrindəki hərbi hissələrdən, birbaşa ön səngərdən tədbirə gəlmiş döyüş və mənəvi-psixoloji hazırlıqda fərqlənən əsgər və zabitləri tamaşaçılara təqdim edib. Son zamanlar düşmən kəşfiyyat-təxribat qruplarının qarşısının alınmasında, mövqelərimizi intensiv atəşə tutan Ermənistan silahlı qüvvələrinin susdurulmasında xüsusi rəşadət və şücaət nümunələri göstərmiş İlkin Muradovu, Təhmasib Abdullayevi və başqalarını tədbir iştirakçıları alqışlarla qarşılayıblar. Onlar cəbhə xatirələrini danışaraq ön səngərdəki əsgərlərimizin döyüş və vətənpərvərlik ruhunun yüksək olduğunu, postlarında hər an ayıq-sayıq dayandıqlarını diqqətə çatdırıblar. Sonra döyüşdə fərqlənən hərbi qulluqçulara rektor tərəfindən qiymətli hədiyyələr təqdim olunub.

Qarabağ müharibəsinin iştirakçısı, general-leytenant Yaşar Aydəmirov, Milli Məclisin deputatı, professor Xanhüseyn Kazımlı, Əfqanıstan və Qarabağ müharibələrinin veteranı, Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi Əzizağa Qənizadə, polkovnik-leytenant Elmar Zeynalabdinov və başqalarının çıxışları maraqla qarşılanıb.

Hacıqabul rayonunun Nəvahi kəndindən gəlmiş şəhid qardaşı Elvin Qasımov çıxış edərək deyib ki, qardaşım Vüqar düşmən atəşlərini susdurarkən şəhid olub. Hələ onun qırxı çıxmayıb. And içirəm ki, qardaşımın qisası qiyamətə qalmayacaq. Mən bu günlərdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi qardaşımın səngərində xidmətimi davam etdirəcəyəm.

Silahlı Qüvvələrin mahnı və rəqs ansamblı vətənpərvərlik marş, mahnı və rəqslərindən ibarət geniş konsert proqramı ilə çıxış edib. Respublikanın xalq artistləri Mübariz Tağıyev, Zaur Rzayev yeni mahnılarını ifa ediblər.

Rasim Şərifov Azərbaycan Dövlət İqtisad Universitetinin professor-müəllim və tələbə heyətinin Azərbaycan əsgərinə ünvanlanan təbrikini tədbir iştirakçılarına çatdırıb.
Müraciətdə deyilir:
-Əziz qardaşlarımız, torpaqlarımızın bir hissəsi 20 ildən çoxdur düşmən tapdağındadır. Yolumuzu gözləyən əzəli və əbədi torpaqlarımızın intizarına son qoymalıyıq. Cənnət Qarabağımızı düşmən tapdağından biz birlikdə azad etməliyik. Əmin ola bilərsiniz ki, Azərbaycan Dövlət İqtisad Universitetinin professor – müəllim və tələbə heyəti də Qarabağ uğrunda savaşda Sizinlə bir səngərdə olacaqdır. Biz də bütün xalqımız kimi Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hər bir bir əmrinə hər an hazırıq.

Möhtərəm Prezidentimiz ordumuza mütəmadi olaraq diqqət və qayğı göstərir. Siz bu etimadı əməli fəaliyyətinizlə doğruldur və əminik ki, bundan sonra da ləyaqətlə doğruldacaqsınız.

Cəbhə bölgələrindən Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini tez-tez pozduğu, mövqelərimizin atəşə tutulduğu xəbərlərini alırıq. Sizin ön səngərdə ayıq-sayıqlığınız, qorxmazlığınız, dözümlüyünüz, cəsarətiniz, düşmənə zərbələr vurmağınız bizi sevindirir. Biz yaxşı bilirik ki, Siz öz geniş sinənizi Vətənə sipər etmisiniz, mübariz keşikdə mətin, dönməzsiniz.

Sizin xidmətləriniz ölkə rəhbərliyi tərəfindən həmişə yüksək qiymətləndirilir, şəhidlərimizin xatirəsi əziz tutulur, onlar əsgəri ənənələrə uyğun olaraq yaylım atəşləri altında böyük izdihamın iştirakı ilə son mənzilə uğurlanır. Biz inanırıq ki, tezliklə şəhidlərimizn intiqamı alınacaq və bayrağımız Xankəndidə, Şuşada, Laçında dalğalanacaqdır.

Vətən keşiyində, müqəddəs torpaqlarımızın keşiyində möhkəm dayan Azərbaycan əsgəri! Xalqımız Sizə arxalanır…

Universitetin rektoru professor Ə.Muradov və Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Fəxrəddin Cəbrayılov tədbirinin təşkilində göstərdiyi köməyə görə Müdafiə naziri general-polkovnik Zakir Həsənova minnətdarlıqlarını bildiriblər.

Sonda universitetin rəhbərliyi tərəfindən cəbhə bölgələrindən gələn hərbi qulluqçular üçün təşkil olunmuş ziyafətdə vətənpərvərlik mövzusunda söhbət davam edib və hər bir tədbir iştirakçısı Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olduğunu bir daha bildirib.

İnterpress.az