Orta Asiyada su böhranı: Xəzərin suyunun üçdə biri quruya bilərbackend

Orta Asiyada su böhranı: Xəzərin suyunun üçdə biri quruya bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Su ehtiyatları ilə bağlı böhran vəziyyəti su qıtlığı və iqlim dəyişikliyinin təsirinə məruz qalan milyardlarla insan üçün böyük əhəmiyyətə malikdir. Bu məsələ dünya ölkələrinin əhalisinin rifahına və iqtisadi inkişafına birbaşa təsir edir.
İqlim dəyişikliyi və insanların suya qənaət etməməsi ilə əlaqədar olaraq bütün dünyada, xüsusilə də Orta Asiya ölkələrində su ehtiyatlarının istifadəsi və bölüşdürülməsi üzərində nəzarət intensiv şəkildə gücləndirilir.
Orta Asiyada dənizə birbaşa çıxışı olmayan bir neçə ölkə yerləşir. Bunlar Özbəkistan, Tacikistan və Qırğızıstandır. Bu ölkələrin hər birinin su ilə təchizatı bir neçə iri çaydan, o cümlədən Amudərya və Sırdərya çaylarından asılıdır. Həmin çaylar başlanğıclarını Tacikistanın və Qırğızıstanın dağlarından götürərək aşağı hövzələrindəki ölkələrdən keçir. Problemlər məhz bu ölkələrin toqquşan maraqlarından və sudan istifadə ilə əlaqədar olaraq fərqli modellər tətbiq etməsindən irəli gəlir. Son dövrlərdə çayların axınlarının yuxarı hissələrində yerləşən ölkələrdə iqlimin dəyişməsi və buzlaqların əriməsi su ehtiyatlarının mövcud həcminə və bölüşdürülməsinə təsir edərək problemləri daha da dərinləşdirib.
Bu baxımdan ən böyük təhlükə Orta Asiya ölkələrində yerləşən bəzi göllərin quruması ilə əlaqədardır. Məsələn, su qıtlığı davam edərsə, Xəzər dənizinin böyük bir qismi mövcud dərinliyinin üçdə birinə qədər dayazlaşa bilər. Cənubi Ural dağlarından və Valday yüksəkliyindən başlayan Ural və Volqa çaylarından külli miqdarda suyun götürülməsi sahillərində bir neçə ölkənin, o cümlədən Azərbaycan ilə Türkmənistanın yerləşdiyi Xəzər dənizinin qurumasına gətirib çıxaracaq.
Bu ekoloji kontekst çərçivəsində türkmən ekoloqları Xəzər dənizində suyun səviyyəsinin getdikcə azalması və bunun bütövlükdə sahil ölkələri üçün ciddi təhlükə yaratması narahat edir. Xəzər dənizi ilə bağlı bu böhran vəziyyəti cəmi bir neçə yüz kilometr şərqdə yerləşən Aral gölünün quruması kimi dağıdıcı ekosidlə nəticələnə bilər.
Həmçinin türkmən ekspertlərini 2019-cu ildə Türkmənistanda təsis edilmiş, Xəzər dənizi regionunda əməkdaşlığın gücləndirilməsi, dənizdə elmi tədqiqatların aparılması, beynəlxalq hüquqa aid və ölkə səviyyəli sənədlərin hazırlanması istiqamətində fəaliyyət göstərəcəyi elan edilmiş Xəzər Dənizinin Tədqiqi İnstitutunun passivliyi də narahat edir.
Orta Asiyada meydana gələn digər su böhranlarına misal olaraq Çin tərəfindən İli və İrtış çaylarından həddən artıq su götürülməsi nəticəsində Qazaxıstanın Balxaş. Zaysan, Buxtarma göllərinin, eləcə də Kapşaqay su anbarının qurumasını da göstərmək olar. Təəssüf ki, onlar da Aral dənizinin taleyini təkrarlayan su tutarlarının siyahısına daxildir.
İli və İrtış çayları öz başlanğıclarını Tyan-Şan dağlarından və Monqol Altayının qərb yamaclarından götürür, Qazaxıstandan keçərək Rusiyaya axaraq bu iki ölkənin cənub və şərq regionlarını su ilə təchiz edir.
Su ehtiyatları ilə bağlı problem Orta Asiyanın bəzi ölkələrini öz gələcəklərindən ciddi şəkildə narahat etməyə başlayıb.
Qazaxıstan Prezidenti öz müraciətində ölkələr arasında suyun bölüşdürülməsi ilə bağlı problemli məsələlərin məqsədyönlü şəkildə həlli, habelə Aralın xilas edilməsi Beynəlxalq Fondu (MFSA) platformasında əməkdaşlıq üzrə bir çox müsbət nəticələr verə biləcək Su Ehtiyatları və İrriqasiya Nazirliyinin (MVRİ) yaradılması ideyasını səsləndirib.
Yuxarıda qeyd edilən problemlərin həllərindən biri də Orta Asiya ölkələrinin hər birinin maraqlarının nəzərə alınması şərti ilə sudan istifadəyə dair ortaq məcəllənin hazırlanmasıdır. Çünki su problemi uzunmüddətli perspektivdə ciddi nəticələrə gətirib çıxara biləcək məsələdir.
Hazırda Orta Asiyada su sahəsində regiondaxili tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində fəal proses gedir. Regionun su ehtiyatlarının mühafizəsi üzrə tərəfdaşlıq dinamik şəkildə inkişaf etdirilir və regionun beş ölkəsi vahid coğrafi məkan qismində nəzərdən keçirilir. Su böhranının ən effektiv yolla həlli üçün region ölkələri beynəlxalq ictimaiyyətin təcrübəsinə müraciət edir.
Yuxarıda qeyd edilən, beş Orta Asiya ölkəsinin su və hidroenergetika resurslarından birgə istifadə, ekoloji vəziyyətin sağlamlaşdırılması, eləcə də Aral dənizi hövzəsində sosial-iqtisadi inkişafın təmin edilməsinə yönəlmiş layihələrin dəstəklənməsi və reallaşdırılması sahəsində əməkdaşlığı üçün nəzərdə tutulan MFSA platformasının bu istiqamətdə fəaliyyət göstərən unikal fondlardan biri olduğunu demək heç də mübaliğə olmazdı.
Ancaq Qırğızıstan 2016-cı ildə bu fondun fəaliyyətində iştirak etməyi dayandırıb. Buna baxmayaraq, qalan dörd ölkə (Özbəkistan, Qazaxıstan, Türkmənistan, Tacikistan) 2021-ci ildə hökümətlər səviyyəsində Aral dənizi hövzəsinin ölkələrinə yardım üzrə fəaliyyət proqramını (PBAM-4), 2022-ci ildə isə Orta Asiyanın dayanıqlı inkişafı naminə ətraf mühitin mühafizəsi üzrə regional proqramı (RPOOSUR) təsdiqləyib.
2024-cü ilin yanvar ayından etibarən növbəti 3 illik müddət üzrə MFSA sədrliyi Qazaxıstan Respublikasına keçir. Görüləcək işlər çoxdur. MFSA və onun tərəfdaşları (BMT, Dünya Bankı, ŞƏT, habelə beynəlxalq miqyaslı, Avropa və Asiyada fəaliyyət göstərən ekologiya təşkilatları və s.) su resurslarına aid və ekoloji layihələrin, habelə PBAM-4 təşəbbüsünün 2030-cu ilə qədər olan aktiv fazasının reallaşdırılması istiqamətində fəal əməkdaşlıq etməlidir.
Təsisçi dövlətlərin başçıları tərəfindən Fondun təşkilati quruluşunun və müqavilə-hüquq bazasının təkmilləşdirilməsi istiqamətində işlərin sürətləndirilərək başa çatdırılması üçün müvafiq göstərişlər verilib. Mövcud regional işçi qrup çərçivəsində aktiv fəaliyyət göstərilməsi nəzərdə tutulur. Bu, son dərəcə mürəkkəb və vaxt tələb edən işdir. Ona görə də, digər transsərhəd hövzələrində fəaliyyət göstərən orqanların iş təcrübəsini hərtərəfli və sistemli şəkildə öyrənmək, Fondun unikal xarakterinə uyğun gələn model yaratmağa çalışmaq daha məqsədəuyğundur.
Bununla əlaqədar olaraq su, ərzaq, enerji və əhalinin sağlamlığı arasındakı qarşılıqlı əlaqəni, eləcə də həmin amillərin regionun stabilliyinə, təhlükəsizliyinə və çiçəklənməsinə birbaşa təsirini nəzərə alaraq Fondun təsisçi dövlətləri, o cümlədən Qırğızıstan təşkilatın fəaliyyətinə yeni, müsbət impuls qazandırmaq üçün birgə və razılaşdırılmış şəkildə hərəkət etməlidir.
Əhalinin və iqtisadiyyatın artım tendensiyası nəzərə alınsa, 2040-cı ilə qədər Orta Asiya ölkələrində su çatışmazlığı 12-15 milyard kub metrə çata bilər. Avrasiyanın çayları və kanalları xalqları və iqtisadiyyatları birləşdirə biləcək ortaq təbii sərvətlərdir. Odur ki, Orta Asiya ölkələrinin hər biri daim öz qonşuları ilə anlaşa bilməli, qarşılıqlı sərfəli konsensusa nail olmalıdır. Buna görə də sudan istifadə sahəsində özünü doğrultmuş siyasətin həyata keçirilməsi, transsərhəd miqyasda sudan istifadə ilə bağlı məsələlərin həlli Orta Asiya ölkələrinin hökumətlərinin qarşısında duran ən vacib məqsədlərdir.