Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar Mobil Babayev vəfat edib.
İnterpress.az-ın məlumatına görə, o, gecə saatlarında 78 yaşında dünyasını dəyişib.
Mərhumla vida mərasimi saat 12:00-da Təzə Pir məscidində baş tutacaq. M.Babayev daha sonra Yasamal qəbiristanlığında dəfn olunacaq.
Xatırladaq ki, M.Babayev 1945-ci il dekabrın 23-də Gəncə şəhərində anadan olub. O, 1953-cü ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin skripka sinfinə qəbul olub, təqribən, 5-6-cı siniflərdə olarkən musiqi bəstələməyə başlayıb. 1964-cü ildə viola və bəstəkarlıq üzrə məktəbdən məzun olub və həmin ildən Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının viola sinfinə daxil olub. 1972-ci ildə Konservatoriyadan məzun olub və diplom işi olan 1-ci simfoniya Rafiq Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrinin ifasında səsləndirib.
1973-cü ildə hərbi xidmətdən qayıtdıqdan sonra Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında musiqi redaktoru, daha sonra isə baş redaktor kimi fəaliyyət göstərib.
Azərbaycan bəstəkarları arasında Mobil Babayev iki yeni musiqi janrının yaradıcısı hesab olunur ki, bunlar da alt və orkestr (kamera, simfonik) üçün konsert və estrada orkestri üçün konsert janrıdır. Bəstəkar həmçinin 100-ə yaxın film, o cümlədən bədii-sənədli, elmi-kütləvi və animasiya filmləri üçün də musiqi yazıb.
M.Babayev 2007-ci ildə “Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb, 2019-cu ildə isə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilib.