“Mobillik qrantı”nın 4 qalibi qadındırbackend

“Mobillik qrantı”nın 4 qalibi qadındır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az-a Elmin İnkişafı Fondunun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirakı əhatə edən və 2014-cü ildə elan edilmiş 6-cı “Mobillik qrantı” müsabiqəsinin nəticələri elan olunub.

Müsabiqə müddətində Elmin İnkişafı Fondu qrant iddiaçılarına kömək məqsədilə 4 məsləhət seminarı təşkil edib. Müsabiqəyə daxil olmuş 16 layihənin ekspertizası nəticəsində 3 layihə texniki ekspertiza mərhələsindən keçməyib, 13 layihə isə elmi ekspertiza mərhələsinə buraxılıb.

Nəticələr Fondun Himayədarlar Şurası tərəfindən təsdiq edildikdən sonra 6-cı “Mobillik qrantı” müsabiqəsi üzrə ümumi maliyyələşdirilmə həcmi 43300 manat olan 7 qalib layihə müəyyənləşdirilib.

6-cı “Mobillik qrantı” müsabiqəsində qalib olan layihələrdən 6-sı xaricdə qısamüddətli elmi təcrübəkeçmə ilə (QMTK), 1-i isə xaricdə elmi tədbirdə iştirakla (XETİ) bağlı layihələrdir. Qaliblərdən 4-ü qadındır.

6-cı “Mobillik qrantı”nın qalibləri Almaniyada (2), Rusiya Federasiyasında (2), Türkiyədə (1), Böyük Britaniyada (1) və Hindistanda (1) elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirak edəcəklər.

“Mobillik qrantı” üzrə müsabiqələrin keçirilməsində məqsəd Azərbaycanda elmin inkişafını dəstəkləmək, alimlərin xaricdə təcrübə keçməsini və tədbirlərdə iştirakını stimullaşdırmaq, beynəlxalq elmi əlaqələr qurulmasına şərait yaratmaq və ölkənin elmi kadr potensialını daha da gücləndirməkdir.

Qeyd edək ki, “Mobillik qrantı” müsabiqələri daimi əsaslarla keçirilir.

İnterpress.az