Azərbaycanda doğulan uşaqların sayı ilbəil azalır. Bununla bağlı iqtisadçı-ekspert Samir Əliyev statistikanı açıqlayıb. O bildirib ki, hər gün neçə-neçə körpə doğulur. Hər qurulan yeni ailədə ən azı bir körpə dünyaya gəlir. Belə olan halda niyə azalma var.
Statistikada 2005-ci ildə əhalinin 31,8 %-i 17 yaşına qədər uşaqlar təşkil edirdisə, 2022-ci ildə bu göstərici 26,3%-ə düşüb. 19 il öncə əhalinin hər 3-cü şəxsi uşaq olduğu halda hazırda bu rəqəm hər 4-cü şəxsinə qədər azalıb.
Ekspertin sözlərinə görə, azalma özünü daha çox qız uşaqlarında göstərir: Bu müddətdə oğlan uşaqlarının sayı 2,1 % artdığı halda qızların sayı 6 % azalıb. Bununla da oğlan və qız uşaqları arasındaki gender fərqi 2,5%-dən 3,7 %-ə yüksəlib.
Mövzu ilə bağlı İnterpress.az-ın suallarını sosiloq Əhməd Qəşəmoğlu cavablandırıb.
Sosiloq bildirib ki, hər ailədə ən azı 2-3 uşaq olması mühüm məsələlərdən biridir.
“Təəsüf ki, bu məsələlərə lazımi diqqət yetirilmir. Mən 30 ildir ki, bir sosioloq olaraq ölkəmizdə hər ailədə ən azı 2 uşaq olmasını təklif edirəm. Niyə? Cünki ailələrdə 1 uşaq, 2 uşaq olanda ölkədə əhali azalmağa başlayır. Çünki uşağı olmayan ailələr də olur. Bundan əlavə, ailədə bir uşaq olanda evdə uşaq mühiti olmur. O bir uşağın ən çox təmasda olduğu insanlar baba, nənə, ata, ana və digər böyük yaşlılar olur. Uşaq eqoist, müxtəlif mənəvi-psixoloji dəyərlərə yiyələnmədən böyüyür.
İki uşaq olanda onlar xaraktercə münaqişələrə meyilli olaraq böyüyürlər. 3 uşaq olduqda isə həm evdə uşaq mühiti olur, həm də ölkədəki uşaqların – əhalinin sayı da müəyyən dərəcədə artır”, – Əhməd Qəşəmoğlu qeyd edib.
Onun sözlərinə görə, oğlan və qız uşaqları arasındaki gender fərqi qorxulu hal deyil.
“Oğlan uşaqlarının qız uşaqlarından çox doğulması demoqrafik cəhətdən pis deyil.Onsuz da oğlanların böyüyəndə bir xeyli hissəsi vətəni tərk edib gedir.
Burada qorxulu cəhət psixoloji məsələdir. Qız uşaqları ona görə az doğulur ki, valideynləri öz övladlarının qatili olaraq onları selektiv abort vasitəsi ilə məhv edirlər. Belə valideynlər heç özləri də bilmədən neqativ enerji ilə yüklənirlər. Əsəbi olurlar, başqalarına qarşı etinasız olurlar və s.. Cəmiyyətdə belə insanların çoxalması ümumən həmin insanların münasibətinə, cəmiyyətin ahənginə, keyfiyyətinə mənfi təsir edir.
Qorxulu cəhətlərdən biri də odur ki, ölkədə işçi qüvvəsinə, vergi ödəyicisinə ehtiyac yarandıqca ölkəyə miqrant axını başlayır. Ölkənin, xalqın etnik tərkibi dəyişir. Bu isə olduqca acınacaqlı problemlər yaradır. Fransada, Almaniyada və digər ölkələrdə olduğu kimi. Təəsüf ki, bu sahədə lazımi işlər arzu olunan səviyyədə yerinə yetirilmir”, – sosiooq vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az