Norveçin pensiya fondu İsrailə silah tədarükçülərinin səhmlərini satmağa hazırlaşır.
interpress.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi dünyanın ən böyük suveren sərvət fondunun Etika Şurasının ölkənin Maliyyə Nazirliyinə göndərdiyi müraciətlərə baxdıqdan sonra məlumat yayıb.
Bildirilir ki, Norveçin pensiya fondu “İsrailə Qəzza zolağında hərbi əməliyyatda kömək edən” şirkətlərin səhmlərini satmağı düşünür.
Qeyd olunur ki, “məktubda səhmləri satıla bilən şirkətlərin sayı və adları göstərilmir”.
Reuters-in məlumatına görə, İsrailin istifadə etdiyi silahları istehsal edən RTX, General Electric və General Dynamics də daxil olmaqla ABŞ korporasiyalarına qarşı belə tədbirlər görülə bilər. Onlar fondun nəzarət orqanının xüsusi diqqətini çəkənlərdir.
Əvvəllər fond İordan çayının qərb sahilində fəaliyyət göstərən və xüsusən də yolların və qəsəbələrin tikintisi ilə məşğul olan 9 şirkəti tərk edib.
Mayın 22-də Norveç, İrlandiya və İspaniya Fələstin dövlətini tanıdıqlarını rəsmən elan ediblər. Buna cavab olaraq İsrail bu ölkələrə qarşı cavab tədbirləri hazırlamağa başlayıb.
Avqustun 7-də İsrail Fələstin Administrasiyasının vəsaitlərinin Norveçdə saxlanmasına dair razılaşmanı ləğv edib.
Xuraman Etibarlı
İnterpress.az