Zoopark 3 pələng balasını öldürdüyünə görə MƏHKƏMƏYƏ VERİLDİbackend

Zoopark 3 pələng balasını öldürdüyünə görə MƏHKƏMƏYƏ VERİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Leypsiq zooparkı üç Amur pələng balasını öldürdüyünə görə məhkəməyə verilib.

Interpress.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Almaniyanın Leypsiq zooparkı üç yeni doğulmuş Amur pələng balasını öldürdüyünə görə heyvan haqları müdafiəçiləri tərəfindən məhkəməyə verilib.

Zoopark rəhbərliyi balaların anası tərəfindən tərk edildiyini əsas gətirərək onların ölməsinin qaçılmaz olduğunu iddia edib.

Hadisə Amur pələngi Yuşkanın ilk doğumu zamanı baş verib. Balalar doğulduqdan bir neçə saat sonra ana onlardan üz çevirib, nəticədə pələng balaları zəifləməyə və bədən istiliyini itirməyə başlayıb.

Zooparkın baytarı Andreas Bernhard bildirib ki, balalar aktivlik göstərmədikdə ana süd istehsalını dayandırır və heyət məcburən “onları əzablı aclıqdan xilas etmək üçün” öldürüb.

Heyvan haqları təşkilatı PETA isə zooparkın hərəkətini qanunsuz hesab edərək cinayət işi qaldırıb.

Zoopark rəhbəri Yorq Yunxold isə gələcəkdə Yuşkanın yenidən təbii şəkildə balalarını böyüdərək növün qorunmasına töhfə verəcəyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, 2023-cü ildə də Leypsiq zooparkı sağlam zebra erkəyini öldürüb ətini aslanlara verməsi səbəbindən oxşar qalmaqalla gündəmə gəlmişdi.

Xuraman Etibarlı

Interpress.az