Türkiyə və Suriya XİN rəhbərləri birgə mətbuat konfransı keçiriblər.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Türkiyə xarici işlər naziri Hakan Fidan və Suriya xarici işlər naziri Faysal əl-Şibani təhlükəsizlik, ərazi bütövlüyü və xarici müdaxilə kimi əsas məsələlər üzrə ölkələrinin mövqelərini açıqlayıblar.
Fidan Suriyada Ankaranın təhlükəsizliyinə təhdid hesab etdiyi silahlı qrupların mövcudluğunun davam etməsindən narahatlıq ifadə edib.
“Bu mərhələdə dözməkdə çətinlik çəkdiyimiz dəyişikliklər görməyə başlayırıq. Təşkilat üzvləri Suriyanı tərk etmir – qoy elə düşünməsinlər ki, biz bunu görmürük”, – o bildirib.
O, həmçinin İsraili dağıdıcı roluna görə ittiham edərək, onun fəaliyyətinin “əsas destabilizasiya amillərindən biri” olduğunu vurğulayıb.
Öz növbəsində əl-Şibani, uzunmüddətli müharibədən sonra Suriya ağır bərpa mərhələsindən keçdiyini bildirib və ölkənin bölünməsinə qarşı çıxıb.
“Suriya vahid dövlətdir və bütün vətəndaşları, o cümlədən druzlar, bizim sosial toxumamızın ayrılmaz hissəsidir. Onların istisnasına, İsrailin bəyanatlarına baxmayaraq, icazə verməyəcəyik”, – nazir qeyd edib.
Suriyalı nazir İsraili xüsusilə Əs-Süveyda əyalətindəki son hadisələr fonunda məzhəblərarası nifaq salmağa cəhd etməkdə ittiham edib.
Xuraman Etibarlı
İnterpress.az