Elbit Systems Avropa ölkəsi ilə 1,6 milyard dollarlıq müqavilə imzalayıb.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
İsrailin hərbi texnologiyalar üzrə ixtisaslaşmış Elbit Systems şirkəti adı açıqlanmayan Avropa ölkəsi ilə 1,635 milyard dollarlıq beşillik müqavilə imzalayıb.
Şirkətin məlumatına görə, razılaşma “geniş müdafiə həlləri spektri”nin tədarükünü və sifarişçi ölkənin milli müdafiə potensialının inkişafı üçün sənaye əməkdaşlığını nəzərdə tutur.
Tədarüklər iki kateqoriyaya bölünəcək:
1. Uzaqmənzilli yüksək dəqiqlikli artilleriya-raket sistemləri, operativ və taktiki səviyyəli pilotsuz kəşfiyyat-döyüş kompleksləri, həmçinin pilotsuz uçuş aparatları.
2. ISTAR kompleksi (kəşfiyyat, müşahidə, hədəflərin aşkarlanması və rekognosirovka) — siqnalların kəşfiyyatı (SIGINT), rabitə kəşfiyyatı (COMINT), radioelektron mübarizə, elektro-optik və gecə müşahidə sistemləri, döyüş maşınlarının modernləşdirilməsi və müdafiə sistemləri.
Bundan əlavə, Elbit ordunun rəqəmsallaşdırılmasını təmin edəcək və ən müasir rabitə vasitələrindən istifadə etməklə şəbəkə-mərkəzli döyüş həlli tətbiq edəcək.
Elbit Systems-in prezidenti və baş direktoru Betshalel Maxlis bildirib ki, bu müqavilə şirkətin Avropada qabaqcıl texnologiyalarına yüksək tələbatın göstəricisidir və müasir ordular üçün inteqrasiya olunmuş həllər təqdim etmək bacarığını nümayiş etdirir.
Onun sözlərinə görə, Elbit məhsulları real döyüş şəraitində effektivliyini sübut edib.
Xuraman Etibarlı
İnterpress.az