HƏMAS döyüşçüləri Qəzzada tunellərdə qalıb.
İnterpress.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Nəşrin mənbələrinə görə, HƏMAS-ın bir neçə yüz döyüşçüsü hazırda İsrailin nəzarət etdiyi Qəzza bölgəsində yeraltı tunellərdə qapalı vəziyyətdədir.
İsrail həmin döyüşçülərin mümkün hücumlarının atəşkəs haqqında razılaşmanı poza biləcəyindən ehtiyatlanır.
Məlumata əsasən, HƏMAS döyüşçülərinin taleyi atəşkəsin ikinci mərhələsi ilə bağlı danışıqlarda mübahisə mövzusuna çevrilib.
HƏMAS onları öz nəzarətində olan bölgəyə evakuasiya etməyə çalışır. İsrail isə həmin şəxslərin əsir götürülməsini və ya tam zərərsizləşdirilməsini tələb edir.
HƏMAS iddia edir ki, mart ayından tunellərdə olan döyüşçülərlə əlaqə itib, lakin bu yaxınlarda yenidən bərpa olunub.
Bununla belə, İsrail təşkilatın əlaqəni əvvəlcədən də saxladığını və liderlərin hücumların dayandırılması göstərişi verə biləcəyini hesab edir.
HƏMAS rəqəmi təxminən 100 döyüşçü kimi göstərsə də, İsrail və ərəb ölkələri bu sayın 200–300 aralığında olduğunu bildirir.
Mənbələrə görə, HƏMAS əvvəlcədən xəbərdarlıq edib ki, bəzi döyüşçülər atəşkəsdən sonra tətbiq ediləcək qaydalara tabe olmayaraq İsrail qüvvələri ilə toqquşma yarada bilər.
Bunun fonunda İsrail ordusu döyüşçüləri öldürməkdən daha çox, onları əsir götürməyə üstünlük verir. Səbəb isə HƏMAS-ın İsrailə məxsus girov meyitlərinin təhvilini dayandıra biləcəyi ehtimalıdır.
Xuraman Etibarlı
İnterpress.az






