Sudaninin partiyası ilkin parlament seçkilərinin nəticələrinə liderlik edir.
İnterpress.az xəbər verir ki, bu barədə “Əl Ərəbbiyə” məlumat yayıb.
İraq Ali Seçki Komissiyasının ilkin göstəricilərinə əsasən, parlament seçkilərində iştirak 55%-i ötüb.
Son iki gün ərzində – ümumi və xüsusi səsvermədə – qeydiyyatdan keçmiş 21,4 milyon seçicidən təxminən 12 milyonu səs verib. Bu göstərici 2021-ci ildəki 41%-lik iştirakla müqayisədə ciddi artım deməkdir.
Hökumət koalisiyasına yaxın mənbələr bildiriblər ki, ilkin nəticələrə görə Baş nazir Məhəmməd Şia əs-Sudaninin partiyası “yaxşı nəticələr əldə edib” və liderlik edir.
Seçkilərin təhlükəsizlik üzrə ali komitəsinin rəhbəri əl-Mühəmmədavi açıqlayıb ki, ilkin nəticələr bu gün rəsmi şəkildə təqdim ediləcək.
O vurğulayıb ki, səsvermə prosesi sakit, şəffaf şəkildə və ciddi təhlükəsizlik pozuntuları olmadan keçirilib.
Seçkilərin yekunu yeni hökumətin formalaşması prosesinə birbaşa təsir göstərəcək.
Xuraman Etibarlı
İnterpress.az






