Sverdlovsk vilayətində yerləşən 47 saylı koloniyaya silah-sursatla dolu yük maşını daxil olmağa çalışıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, 44 yaşlı Zaxar Ç. adlı sürücü müəssisəyə ağac emalı məhsullarını yükləmək üçün gəlib. Daxili baxış zamanı onun kabinəsində Kalaşnikov avtomatı və sursatı, əl qumbarası, boşaldılmış tapança və mağazinləri, taktiki ləvazimat və rabitə vasitələri aşkarlanıb.
Polisin istintaq-əməliyyat qrupu bütün qadağan olunmuş vasitələri götürüb. Faktla bağlı bir neçə maddə üzrə cinayət işi açılıb.
Qeyd olunur ki, 47 saylı koloniya 2020-ci ildə dustaqların kütləvi iğtişaşları ilə gündəmə gəlmişdi.
Xuraman Etibarlı
İnterpress.az






