Bu dünyanı kimlərin əlinə verdik, İlahi? Göylər susur, torpaq ağlayır, insan isə öz kölgəsindən belə qorxur.
Bir zamanlar insan ömrü müqəddəs sayılırdı. Ana laylası dünyanın ən təhlükəsiz qalası idi. Uşaq gülüşü baharın ilk çiçəyi kimi qorunurdu. Bu gün isə sanki zamanın küləyi o çiçəkləri qoparıb, qaranlıq dəhlizlərə sovurub. İnsan həyatı bazar malı kimi ucuzlaşıb, uşaq taleyi görünməz əllərin masasında alınıb-satılır, qadın isə sevginin rəmzi olmaqdan çıxarılıb çirkin müharibələrin amansız silahına çevrilir.
Mən bir ana kimi soruşuram. Mən bir ziyalı kimi soruşuram. Mən bir insan kimi fəryad edirəm: bu necə dünyadır?
Hər səhər günəş doğur, amma insanlıq bir az da batır. Hər gün yeni bir xəbər gəlir itən uşaqlar, sındırılan talelər, dağılan ailələr. Dövlətlər tribunalar qurur, sözlər səslənir, amma səslərin arasında uşaqların köməksiz fəryadı itib gedir.
Bir zamanlar biz bu qaranlıq ssenariləri yalnız ekranlarda görürdük. İtalyanların çəkdiyi “Sprut” serialı vardı. Orada mafiyanın gücü güllədə deyil, insan ruhunun zəif nöqtələrini ələ keçirmələrində göstərilirdi. İnsanların gizli həyatları lentə alınır, vicdanları kasetlərdə əsir saxlanılırdı. Senatorlar, generallar, dövlət adamları görünməz zəncirlərlə bağlanırdı. O vaxt biz ekran qarşısında oturub düşünürdük: bu, filmdir. Fantaziyadır. Həyat belə ola bilməz.
Amma həyat filmləri ötüb keçdi.
Film reallığa çevrildi.
Reallıq isə daha qəddar ssenari yazdı.
Bu gün insan taleyi gizli dosyelərin, qaranlıq arxivlərin, kompromat adlanan zəncirlərin əlində əsir saxlanılır. Şəxsi həyat artıq insanın sığınacağı deyil, onu idarə etmək üçün qurulan tələyə çevrilib. Demokratiya deyən dillər bəzən zəncirin digər ucunu tutan əllərə çevrilir. Ədalət deyən tribunalar bəzən səssiz bazarlara dönür.
Dünyanı sarsıdan Epşteyn qalmaqalı isə bu çürümüş sistemin yalnız görünən tərəfidir. O, buz dağının suyun üzərində qalan kiçik hissəsidir. Onun adının hallandığı siyahılar, onun əlaqədə olduğu nüfuzlu dairələr, onun qurduğu şəbəkələrin miqyası göstərdi ki, məsələ tək bir şəxsin cinayəti deyil. Bu, illərlə qurulan, qorunan və susdurulan böyük bir mexanizmin izidir. Hələ də cavabsız qalan suallar var: Kimlər qorundu? Hansı adlar gizlədildi? Hansı faktlar qaranlıq otaqlarda saxlanıldı? Kamera arxasında hansı rəzilliklərin üstü örtüldü? Bu sualların cavabı gizlədildikcə insanlıq həqiqətə yox, yalnız ona icazə verilən qədər məlumata çatır.
Sonra isə dünyaya elan edirlər: biz ədalət gətiririk.
Hansının ədaləti?
Körpə göz yaşını görməyən ədalətmi?
Ananın fəryadını eşitməyən ədalətmi?
Qadını silaha çevirən ədalətmi?
Bu, ədalət deyil. Bu, insan ruhunun üzərinə çəkilmiş qaranlıq bir pərdədir. Bu, görünməz bir ağlın qurduğu şeytani nizamdır.
Bu gün din adına danışan, amma dinin ruhunu yaralayan şəbəkələr cəmiyyətlərin içinə kök salıb. Müqəddəs sözlər maskaya çevrilib. İman alverə çıxarılıb. İnsan Tanrıya yaxınlaşdığını zənn edir, amma onu qaranlıq uçurumlara aparan yollarla aldadılır.
Mən açıq deyirəm: bu eybəcərliklərin heç birinin dinlə əlaqəsi yoxdur. Bu, nə İslamın, nə xristianlığın, nə də insanlığın yoludur. Bu, yalnız qaranlığa səcdə edənlərin, şeytanın, iblisin yoludur.
Bu qaranlıq bu gün yaranmadı. Onun toxumu illər əvvəl səpildi. Sərhədlər açıldı, amma eyni anda mənəviyyatın qapıları da qırıldı. Azadlıq adı ilə ruhlar azdırıldı. Modernlik adı ilə köklər kəsildi. Qlobal dəyərlər deyə millətlərin yaddaşı silinməyə çalışıldı.
Ən ağır zərbə ailəyə vuruldu. Çünki ailə millətin ürəyidir. Ürək dayansa, bədən yaşaya bilməz. Qadın qorunan dəyər olmaqdan çıxarılıb ideoloji savaş meydanına sürüldü. Namus məsxərəyə qoyuldu. Şərəf köhnə kitabların saralmış səhifəsi kimi təqdim edildi.
Və biz baxdıq.
Bəzən qorxduq.
Bəzən susduq.
Bəzən isə həqiqəti deyənləri özümüz daşladıq.
Bu gün gənclər kimliyini itiribsə, ruhən yorulubsa, müqəddəs anlayışlar ona yad görünürsə bilin ki, bu təsadüf deyil. Kimliyi olmayan insan asan idarə olunur. Müqəddəsi olmayan insan hər qapını açar.
Ən qorxulusu isə budur – insanın içindəki işığın sönməsi.
Amma hələ gec deyil.
Hələ anaların duası var.
Hələ vicdanın səsi tam susmayıb.
Hələ bu millətin ruhu torpağın altında köz kimi yanır.
Çıxış yolu var.
O yol dəyərlərə qayıdışdır.
O yol insanın öz kökünə, öz ruhuna qayıtmasıdır.
O yol Tanrını siyasətin alətinə çevirmədən, siyasətin qaranlığından Tanrıya sığınmaqdır.
Əks halda dünya daha da qaranlıq olacaq. Və qaranlıq həmişə birinci uşaqları udar.
Tənzilə Rüstəmxanlı
Azərbaycan Milli Məclisinin üzvü






