Bəzən elə insanlar olur ki, onların adı sadəcə bir şəxsiyyəti deyil, bir mövqeni, bir mübarizəni, bir dəyəri ifadə edir. Sona Vəliyeva da belə simalardandır. Doğum gününündə onun haqqında yazmaq təkcə bir dost vəfası, təbriki deyil, eyni zamanda milli ruhu, vətən sevgisini və sözün gücünü xatırlamaq deməkdir. Çünki Sona xanım yalnız ictimai xadim deyil. O, həm də bütün varlığı ilə ədəbiyyata, sözə bağlı bir insandır. Yazdığı kitablar, şeirlər, publisistik yazılar onun daxili dünyasının zənginliyini göstərir. Onun qələmindən çıxan hər sətirdə vətən sevgisi, insanlara bağlılıq və həyat eşqi hiss olunur. Bu isə onun şəxsiyyətini daha da bütövləşdirir.

İnsan o vaxt daxilən rahat olar ki, onun içində ayrıca gözəl bir dünyası olsun. Sona xanımın belə ayrı bir dünyası var. Ona görə real dünyada adamlarla münasibətdə belə ifrata varmır. Hətta telefonda da qısa, konkret danışır, artıq söz-söhbətə yer qalmır. Və bu xasiyyət onunla danışan adama da sirayət edir və bilir ki, o insan artıq söz-söhbətdən çox uzaqdı. Sona xanımı yaxından tanıyan biri kimi deyə bilərəm ki, o, nəyi qazanıbsa alnıaçıq, üzüağ nail olub bunlara. Tək bir şair, ədəbiyyat adamı kimi yox, həm də elmi-ictimai fəaliyyəti ilə Sona xanım müasir Azərbaycan qadınının örnək ünvanlarından biridir.
Onun “Azərbaycançılıq ədəbi-estetik təlim kimi” (2002) və “Milli Dövlətçilik hərəkatının yüksəlişi və xalq cümhuriyyəti dövründə azərbaycançılıq ideologiyası” (2003) kitabları dövlətçilik tarixinin mədəniyyət və ədəbiyyatdakı milli ideologiyanın şərhi baxımından olduqca əhəmiyyətli və aktual araşdırmalardır. Ölkə ictimaiyyəti və elm adamları tərəfindən təqdir olunan bu elmi əsərlər bu gün Azərbaycanda və qonşu ölkələrdə yaxın və oxşar mövzularda tədqiqat işi aparanların əsas istinad mənbələrindən sayılır. S.Vəliyevanın növbəti mərhələdə elmi işi Hüseyn Cavid yaradıcılığına həsr olunub. “Hüseyn Cavidin poetikası” adlanan elmi işdə ədibin yaradıcılığı indiyə qədər araşdırılmamış yöndən tədqiqata cəlb olunub.
Hansı sahədə olmasından asılı olmayaraq Sona xanımın həyatında hər zaman bir sual var: “İnsan nəyə görə yaşayır?” – Cavab isə sadədir: insan yalnız özünə görə deyil, başqalarının ruhuna işıq saçdığı, xalqının düşüncəsinə dərinlik qatdığı, vətəninə, millətinə xidmət etdiyi qədər yaşayır. Bu şair xanım Böyük Yaradanın ona bəxş etdiyi ömrü təkcə özü üçün deyil, həm də başqaları üçün yaşayır. Bu isə hər qələm adamına qismət olan tale deyil. Bu fikir bir daha təsdiq edir ki, Sona xanımın şeirləri Tanrı pıçıltısıdır.
Ona görə ki, Tanrının pıçıltısını düyanda, eşidəndə, doğrudan da, insanın kədərli ürəyi təskinlik tapır və ruhu dincəlir. O andaca düşünürsən ki, bu şair xanımın kövrək ürəyində nə qədər böyük sevgi, qəm-qüssə, nisgil, həsrət yerləşir. Bəli, bu qədər sevgi, qəm-qüssə, kədər, həsrət yalnız və yalnız şair olan kəsin ürəyində bərqərar ola bilər. Sona xanımın şeirləri onun lirik, həzin və kövrək dünyasıdır… Onun poeziya dünyasından nə qədər könül oxşayan şeirlər boylanır. Şairin bu mənəvi dünyası dəyərli poeziya nümunələri ilə zəngindir. Bu poeziya nümunələrində nələr yoxdu, İlahi… Torpaq, Vətən, yurd sevgisi!
O şairin ki üzündə, çöhrəsində nur, işıq var, deməli, onun ruhundan süzülən gözəl şeirlərində də bu nur, işıq o qədər görünür. Və bu işıq onun poeziya dünyasına da tamlığı ilə sirayət edir.Sona xanımın qəlb oxşayan şeirlərindən birbaşa üzümüzə boylanır bu işıq, bu nur. Sona Vəliyeva yaradıcılığı sözün işığında formalaşan bir ömür fəlsəfəsidir və bu oxucunu düşünməyə, hiss etməyə və yaşamağa çağırır. Onun poeziyası insanı öz köklərinə bağlayan, ona milli kimliyini xatırladan və eyni zamanda ümumbəşəri dəyərlərə səsləyən bir söz abidəsi kimi dəyərlidir. Müəllifin hər misrasında duyulan səmimiyyət, hər fikrində hiss olunan müdriklik və hər obrazında əks olunan həyat həqiqətləri onu həm də mənəvi yol yoldaşına çevirir.
Haqdan yana olmak, haqlının yanında durmak, haqqı müdafiə etmək, zalımın zülmünə qarşı durmaq, bunlar hamısı Vicdan məsələsidir. Sona Vəliyeva içimizdəki Vicdan tərəzisindən söz açır. Onun ədəbi yaradıcılığını ən yaxından izləyənlərdən biri də mənəm. Şeirlərini sevə-sevə oxumuşam və mən onun əsərlərində, özəlliklə şeirlərindəki səmimiyyəti sevmişəm. Hər şeiri Vətən və Torpaq ətirlidir.Sona xanım xatirələrinin birində deyir: ““Pioner” qəzetində “Hardan başlanır Vətən” mövzusunda inşa müsabiqəsində iştirak etmək üçün sinfimizdə inşa yazan uşaqların hamısı “Sovetlər mənim böyük vətənimdir”, “Vətən sərhəddən başlayır” kimi ifadələr işlətmişdilər, mən yazmışdım ki, Vətən mənim yaşadığım evimizdən, həyətimizdən və hər gün altında oynadığım tut ağacından başlayır”.
Bəli, el-obasını, böyüdüyü həyəti, budağından yıxıldığı, kölgəsində sərinlədiyi, odununda qalanan ocaqda qızındığı, atlasıyla bəzəndiyi, tutqurusuna yapışan qum dənəciyinin dişləri arasında xırçıldamasından belə ləzzət ala bilməyən şəxs “Vətən daşı” ola bilməz. Sona xanım şeirlırində ən əvvəl insan olmağa,daha sonra isə ilahi və milli kimliyə malik olmağımızı dərk etməyə çağırır.
Özünəməxsus deyim tərzi, xalq dilinə və poeziyasına yaradıcılıqla yanaşmaq, Vətənə və insani dəyərlərə olan tükənməz məhəbbətini aydın və şəffaf mövqedən poetik dildə ustalıqla təsvir etmək şairənin ədəbi aləmindəki ona məxsus üslubunu ortaya qoymuşdur. Bəzən qalın-qalın kitabları vərəqləyərək içində ürəyə təsir edən bir misra belə tapa bilmirsən. Sona Vəliyevanın elə şeirləri var ki, tək bircə beytinin qarşısında heyrətlənib düşünmək olur:
Vətən deyib yola varan,
Zülmdə də haqq axtaran,
Şuşaya ilk bayraq asan,
Könlümə qardaş düşübdü.
Zəfər Savaşından on il öncə heyratamiz bir öncəgörü ilə yazılan misralar və … Bu Qalib Qardaşı, Ali Baş Komandanı Tanrı hamımıza yetirdi, Sona xanım! Artıq Qarabağ tam mənası ilə Azərbaycandır! Bayrağımız bütün vətən boyu qürurla dalğalanır. Xalqını, dövlətini, vətənini göylərə ucaldıb göylər qədər tükənməz sevgi ilə sevən Sona xanımın sevincini duyuram.
Əziz dostum üçün doğum gününü Azərbaycanımızın bütövləşdiyi bir zamanda qeyd etməsi ən böyük hədiyyədir. Sona xanım Yaxşı anadır, güclü qadın və həyat yoldaşıdır, qayğıkeş nənədir, mehriban qayınanadır, alimdir, yazardır. Ən ümdəsi isə milli-mənəvi dəyərlərə sadiq vətənpərvərdir. Mənim gözümdəki obrazının bir qismi, yəni bunlar yaza bildiklərim, könlümdəki yerin bir başqadır gözəl bacım. Sona Vəliyevaya yeni nailiyyətlər arzu edirəm. Təbii ki, bir yazı ilə Sona xanımın yaradıcılığı haqda geniş, əhatəli fikir söyləmək mümkün deyil. Diləyirəm ki, Sona xanım isti, təzətər şeirləri ilə oxucularını həmişə sevindirsin. Bu, şair üçün ən böyük xoşbəxtlikdir. Bu xoşbəxtlik Sona xanımı heç vaxt tərk etməsin!
Yeni yaşın mübarək olsun. Qələmin heç susmasın. Doğum günün mübarək, əziz bacım, Zamanlara sığmayan Söz qədər ömrün olsun! Elmi araşdırmalarınız, şeirlər kitabınız bol olsun, həyatınızda, könlünüzdə və ruhunuzda – Azərbaycanımızda bütövlük olsun, Sona xanım.






