Mahaçqalada tapdığı bank kartı ilə alış-veriş edən şəxs həbs cəzası alıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Rusiyanın Mahaçqala şəhərində başqasının itmiş bank kartı ilə qeyri-adi üsulla nağd pul əldə edən və alış-veriş edən şəxsə real həbs cəzası verilib.
Şübhəli şəxs bank filialının girişində tapdığı kartla bir neçə saat ərzində müxtəlif yerlərdə demək olar ki, 20 000 rubl (təxminən 441 manat) xərcləyib.
O, həmçinin yanacaqdoldurma məntəqələrində sürücülərin yanacaq pulunu həmin kartla ödəyərək onlardan nağd pul alıb.
Kart sahibi itkini yalnız ertəsi gün aşkar edərək hesabı bloklayıb və dərhal polisə müraciət edib.
Polis tərəfindən saxlanılan şəxs günahını etiraf edib və dəymiş ziyanın bir hissəsini ödəyib. Lakin məhkəmə onun əvvəllər də oğurluq və dələduzluğa görə məhkum olunduğunu və bu cinayəti şərti cəza müddəti bitməmiş törətdiyini nəzərə alıb.
Nəticədə ona 3 il 6 ay müddətinə ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza və 15 000 rubl (təxminən 331 manat) məbləğində cərimə kəsilib.
Xuraman Etibarlı
İnterpress.az






