İran ABŞ-ni dəstəkləyən region ölkələrinə zərbələr endirilə biləcəyi barədə xəbərdarlıq edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Tasnim” informasiya agentliyi məlumat yayıb.
ABŞ rəhbərliyi Yaxın Şərqdə gərginliyin artırılmasından İrana psixoloji təzyiq göstərmək və gələcək mümkün danışıqlarda güzəştlər əldə etmək vasitəsi kimi istifadə edir.
Bu barədə İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Hocrian bəyanatla çıxış edib.
“Tramp özü üçün ‘müharibədən şərəfli çıxış yolu’ tapmağa çalışır. Bu səbəbdən Vaşinqton ya daha genişmiqyaslı zərbə endirməyə əl atacaq, ya da danışıqlar prosesində Tehrana güzəştlər qəbul etdirmək üçün İslam Respublikasını zəiflik nöqtəsinə çatdırmağa çalışacaq”, – deyə o qeyd edib.
İordaniyadakı obyektlərə edilən son hücumu şərh edən parlamentari vurğulayıb ki, Amman administrasiyasının Vaşinqtonla davam edən hərbi əməkdaşlığına görə bu ölkənin infrastrukturu “təcavüz mənbəyinin cəzalandırılması obyektinə” çevrilib.
Bununla yanaşı, Hocrian xəbərdarlıq edib ki, ABŞ qüvvələrinə dəstək verən regionun digər ölkələri də analoji hərbi tədbirlərlə üzləşə bilərlər.
Ekspertlər bu bəyanatı Tehranın regionda ABŞ-nin hərbi bazalarına ev sahibliyi edən digər dövlətlərə qarşı birbaşa təhdidi kimi qiymətləndirirlər.
Xuraman Etibarlı
İnterpress.az






