Saakaşvilinin partiyası iki aydır Gürcüstanın Müxalifət Alyansının görüşlərində iştirak etmir.
İnterpress.az xəbər verir ki, bu barədə “İnterpressnews” agentliyi məlumat yayıb.
Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin rəhbərlik etdiyi “Vahid Milli Hərəkat” partiyası artıq iki aydır ki, “Müxalifət Alyansı”nın görüşlərinə qatılmır. Bu barədə “Federalistlər” partiyasının liderlərindən biri Tamar Çerqoleişvili məlumat verib.
Onun sözlərinə görə, hətta eks-prezidentin öz partiyasında belə artıq onun nə etdiyini anlamırlar və ona dözə bilmirlər, lakin ictimaiyyət qarşısında cəfəng bəyanatlar vermək məcburiyyətində qalırlar.
Çerqoleişvili çıxışında Saakaşvilinin gürcü müxalifətinin birliyinə mane olduğunu qeyd edib.
“Biz Mişaya əhəmiyyət vermirik. İstədiyimiz tək şey onun bizi rahat buraxmasıdır. Saakaşvili iddia edir ki, onsuz heç nə alınmayacaq, lakin hər şey onsuz da çox tez, hətta daha tez alınacaq. Əgər sən dağıdıcı olmasaydın və hər şeyi birdən götürmək mümkün olmayanda ‘ya hər şey, ya da heç nə’ prinsipi ilə hərəkət etməsəydin, hər şey daha tez baş tutardı”, – deyə siyasətçi kəskin tənqidlərlə çıxış edib.
Xuraman Etibarlı
İnterpress.az






