Yekaterinburqda sərnişin avtobusu piyadaları əzib: 4 ölü, çoxlu yaralı var
İnterpress.az xəbər verir ki, bu barədə “E1.ru” portalı məlumat yayıb.
Rusiyanın Yekaterinburq şəhərinin mərkəzində, “Böyük Zlatoust” məbədinin yaxınlığında ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sərnişin avtobusu kəsişmədə minik avtomobili ilə toqquşduqdan sonra idarəetməni itirərək piyadalar üçün nəzərdə tutulmuş səkiyə çıxıb və izdihamın üstünə sürüb.
Hadisə nəticəsində 4 nəfər, o cümlədən təxminən 8-10 yaşlarında olan azyaşlı qız uşağı həyatını itirib, daha dörd nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qəzanı törədən avtobusun sürücüsü ilkin dindirilmə zamanı hadisədən əvvəl yaşıl işıqdan keçdiyini və kəsişməni tez keçmək istədiyini bildirib.
Lakin o, qəfil başının kəskin ağrıdığını, gözünün qaraldığını və huşunu itirdiyini iddia edib.
Sürücü huşsuz vəziyyətdə qaz pedalı ilə əyləci səhv salma ehtimalını da istisna etməyib və baş verən hadisələrin bir hissəsini xatırlamadığını etiraf edib.
Şahidlərin sözlərinə görə, qəzaya “Lifan” markalı minik avtomobilinin yol hərəkəti qaydalarını pozaraq dönmə manevri edərkən avtobusa yol verməməsi səbəb olub.
Güclü toqquşmadan sonra avtobus idarəetmədən çıxaraq səkiyə çırpılıb və yalnız məbədin divarına dəyərək dayanıb.
Hadisə zamanı avtobusun içərisində olan 11 sərnişin arasında xəsarət alan olmayıb.
Faktla bağlı cinayət işi açılıb, Sverdlovsk vilayətinin qubernatoru bölgədəki bütün sərnişindaşıma şirkətlərinin və sürücülərin tibbi müayinə qaydalarına riayət etməsinin ciddi şəkildə yoxlanılması barədə göstəriş verib.
Xuraman Etibarlı
İnterpress.az






