İran Qətərin ABŞ ilə üçtərəfli görüş təklifini rədd edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
İran və ABŞ rəsmiləri son iki gün ərzində Dohada Qətər vasitəçiləri ilə ayrı-ayrılıqda danışıqlar aparıblar.
Bölgədəki mənbələrə istinadən verilən məlumata görə, bu təmaslar paralel şəkildə həyata keçirilib və tərəflər arasındakı qalan fikir ayrılıqlarının müzakirəsinə yönəlib.
Qətər tərəfi mübahisəli məsələlərin birbaşa dialoq yolu ilə həlli üçün üçtərəfli görüş təşkil etməyə cəhd göstərsə də, İran nümayəndələri belə bir görüşdə iştirak etməkdən qəti şəkildə imtina ediblər.
Analitiklər qeyd edirlər ki, rəsmi Tehranın birbaşa danışıqlardan imtina etməsi tərəflər arasındakı dərin inamsızlığın hələ də davam etdiyini göstərir.
Qətər Yaxın Şərqdə gərginliyin azaldılması və tərəflər arasında diplomatik əlaqələrin qurulması üçün mühüm vasitəçilik rolunu davam etdirir.
Qeyd edək ki, ABŞ və İran arasında regional təhlükəsizlik və sanksiyalar kimi bir çox sahələrdə ciddi fikir ayrılıqları mövcuddur və bu təmasların əsas məqsədi gərginliyin daha da dərinləşməsinin qarşısını almaqdır.
Xuraman Etibarlı
İnterpress.az






