Novosibirsk vilayətinin vitse-qubernatoru Moskvada narkotiklə saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiya Federasiyasının Novosibirsk vilayətinin vitse-qubernatoru Yuri Petuxov Moskvada narkotik vasitələrlə saxlanılıb.
Məlumata görə, 58 yaşlı məmur saxlanılmazdan əvvəl bir neçə gün ərzində iş yoldaşları və ailə üzvləri ilə əlaqə saxlamayıb və itkin düşmüş hesab olunub.
İlkin ehtimallara görə, saxlanılma anında Petuxov kokainin təsiri altında olub.
Onun üzərində aparılan axtarış zamanı bir neçə büküm qadağan olunmuş narkotik maddə aşkar edilərək götürülüb.
Keçmiş vitse-qubernator təqsirini rəsmən etiraf edib və istintaqla əməkdaşlıq etməyə başlayıb.
Yuri Petuxov 2015-ci ildən Novosibirsk vilayəti qubernatorunun birinci müavini vəzifəsində çalışıb. O, bir neçə gün əvvəl qəfildən yoxa çıxıb, iyunun 8-də isə rəsmi olaraq tutduğu vəzifədən azad edilib.
Hüquq-mühafizə orqanları tərəfindən faktla bağlı cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.

Xuraman Etibarlı
İnterpress.az






