Gürcüstanda kriptovalyuta fırıldaqçılarına qarşı əməliyyatda Rusiya vətəndaşı saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Gürcüstanda kibercinayətkarlara qarşı keçirilən genişmiqyaslı beynəlxalq əməliyyat çərçivəsində Rusiya Federasiyasının vətəndaşı saxlanılıb.
Bu barədə Rusiyanın Gürcüstandakı İsveçrə Səfirliyi nəzdindəki Maraqlar Bölməsindən məlumat verilib.
Rusiya diplomatik missiyası saxlanılan şəxsə konsulluq çıxışının təşkil edilməsinə köməklik göstərilməsi xahişi ilə Gürcüstan Xarici İşlər Nazirliyinə (XİN) rəsmi nota ünvanlayıb.
Daha əvvəl Gürcüstanda keçirilən beynəlxalq əməliyyat zamanı “AudiA6” cinayətkar qruplaşmasının üzvlərinin saxlanıldığı bildirilirdi. Bu qruplaşma 2022-ci ildən bəri “Dark2Web” kiberforumunun idarə edilməsində və kriptovalyuta vasitəsilə yüz milyonlarla dollar vəsaitin yuyulmasında şübhəli bilinir.
Əməliyyat zamanı çoxsaylı axtarışlar aparılıb, rəqəmsal məlumat daşıyıcıları müsadirə edilib, həmçinin qruplaşmanın aktivləri, o cümlədən 173 avtomobil və digər əmlakları həbs edilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir.
Xuraman Etibarlı
İnterpress.az






