Meksikada Dünya Çempionatının açılış günü QANLI HADİSƏ: 5 polis QƏTLƏ YETİRİLDİbackend

Meksikada Dünya Çempionatının açılış günü QANLI HADİSƏ: 5 polis QƏTLƏ YETİRİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksikada DÇ-2026-nın açılışına bir neçə saat qalmış 5 polis əməkdaşı güllələnib.

İnterpress.az xəbər verir ki, bu barədə BILD nəşri məlumat yayıb.

Futbol üzrə 2026-cı il Dünya Çempionatının (DÇ-2026) Meksika – Cənubi Afrika matçı ilə reallaşacaq rəsmi açılış mərasiminə cəmi bir neçə saat qalmış ölkədə qanlı hadisə baş verib.

Mexikodan təxminən 300 kilometr məsafədə yerləşən Miçoakan ştatının Nauatsen dairəsində naməlum silahlılar küçələrdə patrul xidməti aparan polis avtomobilini atəşə tutublar.

Ştatın təhlükəsizlik nazirliyindən verilən məlumata görə, güllə yağışı nəticəsində 5 polis əməkdaşı həlak olub, daha 5-i isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisədən dərhal sonra əraziyə əlavə polis qüvvələri cəlb edilib və cinayətkarların axtarışına başlanılıb. Bir qədər sonra cinayətkarlara məxsus olduğu ehtimal edilən və üzərində güllə izləri olan iki zirehli pikap avtomobili aşkarlanıb.

Maşınların içərisindən çoxlu sayda silah və sursat götürülüb. Miçoakan qubernatoru Alfredo Ramires Bedolya sosial şəbəkə hesabında bu qorxaqca hücumun dövlətə qarşı törədildiyini və cəzasız qalmayacağını bəyan edib.

Hadisənin arxasında bölgədə fəal olan “Xalisko Yeni Nəsil Karteli”nin (CJNG) dayandığı ehtimal edilir.

Meksika hökuməti ABŞ və Kanada ilə birgə ev sahibliyi etdiyi DÇ-2026 zamanı azarkeşlərin təhlükəsizliyini tam təmin etmək üçün 100 mindən çox əsgər, polis və özəl mühafizəçinin, həmçinin xüsusi dronların və hərbi təyyarələrin cəlb olunduğunu bildirib.

Xuraman Etibarlı

İnterpress.az