Cənubi Koreyada depressiyanı müalicə edən ağıllı linzalar ixtira edilib.
İnterpress.az xəbər verir ki, bu barədə “Nature” elmi jurnalı məlumat yayıb.
Cənubi Koreya alimləri psixi sağlamlıq sahəsində mühüm addım ataraq depressiya ilə mübarizə üçün nəzərdə tutulmuş ağıllı kontakt linzalar ixtira ediblər.
Bu ağıllı cihaz insan beyninə xüsusi siqnallar göndərməklə fəaliyyət göstərir. Göndərilən siqnallar beynin əhval-ruhiyyənin tənzimlənməsinə və emosiyaların idarə olunmasına cavabdeh olan sahələrinə birbaşa təsir göstərir.
Yeni linzalar artıq laboratoriya siçanları üzərində sınaqdan keçirilib. Sınaqlar nəticəsində müəyyən edilib ki, bir müddət sonra gəmiricilərin davranışları nəzərəçarpacaq dərəcədə yaxşılaşıb, depressiya səbəbindən zədələnmiş neyronlararası əlaqələr bərpa olunub və onlarda stres hormonlarının səviyyəsi kəskin şəkildə aşağı düşüb.
Tədqiqatçıların bildirdiyinə görə, bu ağıllı linzalar effektivlik dərəcəsinə görə ən güclü antidepressant dərmanlar qədər təsirli olsa da, onlardan fərqli olaraq insan orqanizmində heç bir yan təsir yaratmır.
Müasir tibb dünyasında bu ixtira antidepressant asılılığından qurtulmaq və psixi xəstəliklərin müalicəsində tamamilə yeni, zərərsiz metodların tətbiqi üçün əhəmiyyətli başlanğıc hesab olunur.
Hazırda layihə üzərində növbəti sınaq mərhələləri davam etdirilir.
Xuraman Etibarlı
İnterpress.az






